Məhkəmə qərarları › İş №2(038)-42/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-42/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-42/2023 09.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbi barədə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ilə bağlanmış xx.xx.2021 İK-2919/21 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 9958.84 manat kredit borcu, 1132.90 manat faiz borcu, 1350.62 manat cərimə borcu, cəmi 12442.36 manat borc və 127.33 manat ödənilmiş dövlət rüsumu tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə hazırlıq iclasına qədər ərizə göndərərək, bank ilə Cavabdeh ilə bağlanmış xx.xx.2021 İK-2919/21 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 9958.84 manat kredit borcu, 1246.95 manat faiz borcu, 1350.62 manat cərimə borcu, cəmi 12556.41 manat borc və 128.69 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Cəlilabad” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 2919/21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21.7%, olmaqla 36 ay müddətinə 12000 AZN (on iki min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh, TuranBank ASC və Zamin arasında xx.xx.2021-ci il tarixli, İK № 2919/21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə TuranBank ASCyə 9958.84 AZN (doqquz min doqquz yüz əlli səkkiz manat.84 qəpik) əsas, 1132.90 AZN (min yüz otuz iki manat.90 qəpik) faiz, 1350.62 AZN (min üç yüz əlli manat 62 qəpik) cərimə borcu olmaqla, cəmi borcu 12442.36 AZN (on iki min dörd yüz qırx iki manat 36 qəpik) təşkil edir. Odur ki, cavabdehlərdən yaranmış borc məbləği tələb İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçı tərəfin iştrakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Zamin məhkəmə hazırlıq iclasında iddianı qismən qəbul edərək, əsas və faiz borcu ilə razılaşdığını, lakin cərimə tələbi hissəsində iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: xx.xx.2021-ci il tarixli, İK № 2919/21 saylı krеdit müqaviləsindən görünür ki, Cavabdeh həmin krеdit müqaviləsi əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 21.6% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat krеdit verilmişdir. Zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, İK № 2919/21 saylı krеdit müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır. Əsas borclu Cavabdeh və Zamin, ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi barədə onlara bildiriş göndərilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin tarixdə Cavabdeh 12000 manat kredit vermişdir. Bank qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün 127.33 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. İşin faktiki hallarına və tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış İK № 2919/21 saylı saylı kredit müqaviləsi əsasında Cavabdeh aylıq faiz dərəcəsi 21.7% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat məbləğində kredit verilməsi və həmin kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsinin bağlanması, eləcə də əsas borclu Cavabdeh öhdəliyini layiqincə yerinə yetirməyərək borcunun yaranması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 447.1.-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1., 470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən maddi normaların tələblərindən göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, bunun da nəticəsində müqavilə şərtlərini pozmuşdur. Ona görə də yaranmış borc ödənilməlidir. Həmçinin zamin olan digər şəxslər əsas borclu ilə birgə məsuliyyət daşıdığı üçün, borc cavabdehlərdən müşətək qaydada tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı cərimə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə krеdit müqaviləsi üzrə 1350.62 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehlərdən 130 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Beləliklə məhkəmə ödənilməli olan pul məbləğini müzakirə edərək qeyd edir ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 9958.84 manat kredit borcu, 1246.95 manat faiz borcu, 130 manat cərimə, cəmi 11335.79 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 128.69 manat tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə kredit müqaviləsinin vaxtından əvvəl ləğv olunması tələbinə münasibətdə qeyd edir ki, borc müqaviləsi iki tərəfli müqavilədir. Borclu müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, əsas və faiz borc qismən icra edilmişdir. Belə olan halda iddiaçının kreditor olaraq öhdəliyin qalan hissəsinin icrasına marağı itmiş və müqavilə öhdəliyinin davam etməsindən imtina etməsində haqlı hesab olunmalıdır. Ona görə də müqavilə öhdəliklərinə vaxtından əvvəl xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021 İK-2919/21 saylı krеdit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 9958.84 manat kredit borcu, 1246.95 manat faiz borcu, 130 manat cərimə, cəmi 11335.79 manat borc və dövlət rüsumuna ödənilmiş 128.69 manat tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə tərəflər Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar