Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-45/2024 04.04.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, K1 katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə Yardımlı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Yüksəliş Kredit İttifaqı MMC-nin hesabına ödədiyi 300 manat pulun və dövlət rüsumu kimi ödədi 30 manatın, cəmi 330 manat pulun Yüksəliş Kredit İttifaqı MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Yardımlı rayonunda fəaliyyət göstərən Yüksəliş Kredit İttifaqı MMC-dən kredit götürmək qərarına gəlmiş və bu məqsədilə Kredit təşkilatına müraciət etmişdir. Həmin Təşkilatdan ona kredit götürülməsi ilə əlaqadər İttifaqın hesabına 300 manat pul keçirilməsi bildirilmişdir. Bu məqsədlə 08 sentyabr 2016-cı il tarixdə o, Kredit İttifaqının hesabına 300 manat pul ödəmişdir. Məqsədi Yüksəliş kredit ittifaqından kredit götürüb şəxsi təsərrüfatında olan heyvandarlığı inkişaf etdirməklə ailəsini saxlamaq olmuşdur. Lakin Kredit ittifaqı dəfələrlə ona vədlər verməsinə baxmayaraq 7 il ərzində nə ona kredit vermiş, nə də ki, ödədiyi pulları geri qaytarmışdır. Həmin müddətdə dəfələrlə Kredit ittifaqı tərəfindən vətəndaşlara kredit verilsə də, müraciətlərinə baxmayaraq o, nəzərə alınmamışdır. Bundan sonra İttifaqa müraciət edərək ittifaqın hesabına ödədiyi 300 manat pulun geri qaytarılmasını dəfələrlə tələb etməyinə baxmayaraq, ittifaqın nümayəndələri hər dəfə bir bəhanə gətirmiş və ödədiyi 300 manat pulu geri qaytarılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, MMC-yə qarşı irəli sürülmüş iddianı qəbul edir. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iş materiallarında olan aşağıda göstərilən sübutları tədqiq etmişdir: 08 sentyabr 2016-cı il tarixli qəbzdən görünür ki, Şərbətov X1 Kredit İttifaqı MMC-nin hesabına 300 manat pul köçürmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. və 1091.2.-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, tərəflər arasında qanuni əsas və ya müqavilə əsasından kənar hüquq münasibəti yaranmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 08 sentyabr 2016-cı il tarixdə kredit almaq üçün "xxxx" MMC-yə müraciət etmiş, MMC-yə üzv olmaqdan ötrü 300 manat pulu nizamnamə pay kapitalı üçün köçürmüşdür. Sonra iddiaçı kredit götürməmiş, 300 manat nizamnamə pay kapitalı isə "xxxx" MMC-nin hesabında qalmışdır. Nəticədə iddiaçı əsassız olaraq varlanmışdır. Həmçinin iddia tələb cavabdehin özü tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Yüksəliş Kredit İttifaqı MMC-dən 300 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. X4
Məhkəmə qərarları › İş №2(038)-45/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-45/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver