Məhkəmə qərarları › İş №2(038)-501/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-501/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-501/2024 22.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 sədrliyi, məhkəmə iclasının katibi K1 katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 9000 manat məbləğində pulun onun xüyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsində cavabdehin adının Cavabdeh kimi oxunmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçı X4 tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ortaq tanışı vasitəsilə münasibətləri yaranmış, G.Canıyevə satış məqsədilə qızıl-zinət əşyaları vermiş sonda cavabdeh 9000 manat miqdarında qızıl-zinət əşyalarının pulunu qaytarmamışdır. Münasitbətlərə aydınlıq gətirmək məqsədilə dəfələrlə cavabdehlə telefon danışıqları aparmış, görüşmüş, lakin heç bir nəticə əldə edilməmişdir. Bu səbəbdən polisə müraciət etmiş və araşdırma zamanı cavabdeh guya pul vəsaitini geri qaytardığını, yalnız 2800 manat pul vəsaitinin borclu qaldığını bildirmişdir. Lakin cavabdehin imza etdiyi qəbzlər, telefon danışıqları ilə cavabdehin özünü müdafiə üçün bu halları uydurduğu məlum olmuşdur. İddia ərizəssinə əlavə edilmiş qəbzlərlə sübut olunur ki, cavabdeh 3500, 2500 və yerdə qalan pulu isə qayın axırında ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin qəbzin məzmunundan münasibətlərin gərgin olduğu müəyyən edilir. Cavabdeh övladı vasitəsilə müxtəlif vaxtlarda ona 7050 manat məbləğində pulu qaytardığını iddia etsə də buna dair qəbzləri təqdim etməmişdir. Həmçinin istintaqa təqdim edilmiş telefon danışıqları vasitəsilə də cavabdehin yalan danışdığı öz təsdiqini tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda məhkəməyə xx.xx.2024-cü il tarixdə 1-C-6-127/2024 qeydiyyat nömrəsi ilə daxil olmuş teleqramdan görünür ki, Cavabdeh səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəmə baxışı iclasının təxirə salınması barədə müraciətini işin lüzumsuz uzadılmasına yönəldilmiş hərəkətlər kimi qiymətləndirirək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İşdə olan əlyazmada Canıyeva Günay 2-ci gün 3500, 4-5-ci gündə 2500 manat, yerdə qalan pulu ayın axırı verəcəyini, əgər verməsə lazım olan yerlərə aparılmasını qeyd etmişdir. Əl yazmada qızılların siyahısı, qramı və dəyəri göstərilmişdir. HK 1/8822 sayda qeydə alınmş material əsasında Abşeron Rayon Polis İdarəsinin İT-nin müstəntiqi Rəşad Cəfərovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda araşdırma zamanı barəsində şikayət olunan Cavabdeh izahatından göstərilmişdir: “2023-cü ilin mart ayının sonlarında Kamalə adlı şəxs ona zəng vuraraq demişdir ki, telefon nömrəsini ona Sevinc verib o, Sevincin qudasıdır. Sevinc Kamaləyə demişdir ki, o qızıl alveri ilə məşğul olur, Kamalə demiş ki, əgər mal lazımdırsa o ikinci əl malları ona sata bilər. O, qızılın 01 qramının qiymətini ondan soruşmuş, Kamalə 01 qramı 95 manata satdığını demiş, o da Kamaləyə demişdir ki, bahadır. Kamalə demişdir ki, o aşağı qiymətə sata bilməz və onlar sağollaşmışlar. Təxminən 2023-cü ilin aprel ayının sonlarında Kamalə zəng vuraraq demişdir ki, ikinci əl mal var 85 manata satdığını təklif etmişdir. O, da Kamaləyə demişdir ki, təzə mal almışdır, əlində pulu yoxdur. Təxminən 2023-cü il may aylarinda Kamalə zəng vurub telefona qeyri-rəsmi nikahda olan Anar cavab verarək hemin telefonu o, işlətdiyini bildirmişdir. Bundan sonra ona Anarin bacısı Sevinc zəng vuraraq demişdir ki, nəyə görə Kamalədən mal götürmədin Kamalə gileylənib ki, gedib ondan mal almırsan. O, da Sevincə demişdir ki, Kamalə nisyə mal vermir, buna görə də almır. Bundan sonra Kamalə özü zəng vuraraq demişdir ki, gəl mal seç birinci götürdüyün maln pulunu verdikdən sonra ikincini götürərsən. Bundan sonra xx.xx.2023-cü il tarixda o qızı ilə birlikdə Kamalənin yasadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Gənclər şəhərciyində yerləşən evinə getmisdir. Hamin vaxt Kamalə ona 5800 manatlıq qızıl zinət əşyalarını nisyə vermişdir. O, Kamaləgildən evinə gələndən sonra Kamalə zəng vuraraq demişdir ki, malların pulunu səhv hesablayıb 6000 manatlıq mal verib o da onunla razilaşmışdır. Bundan sonra o Kamalənin göndərdiyi Röyalə adlı şəxsin bank hesab kartına 1580 manat pul göndərmişdir. Bundan sonra Kamaləyə demişdir ki, 1900 manat pulu yığılıb ondan toy komplekti istəyirlər. Kamalə də pulu onunla Moskva univermağının yaxınlığında görüşüb verdikdə o da, kopmlekti ona verəcəkdir. Kamalə də ona 2100 manatlıq komplekti vermiş, bir müddət sonra isə demişdir ki, o, qızıl komplekti 3000 manat hesablayacaq, pulunu verəndə 200 manat hörmət edəcəkdir. Kamalə ona demişdir ki, əvvəlki borcunu bağlasın. O da, Kamaləyə ödəmə terminal ilə müxtəlif vaxtlarda 1500, 1250, 2000 və 2300 manat pul göndərmişdir. Həmin ərəfədə o Kamalədən 4200 manatlıq nisyə mal götürmüşdür. Bundan başqa 300, 400 va 100 manat kartdan-karta pul göndərmişdir. Onun hesabına görə Kamaləya 9150 manat pul qaytarmış və ona 2800 manat borcu qalmışdır. İşdə olan «WhatsApp» ani mesajlaşma mübadilə sistemindən əldə edilmiş səs yazılardan X4 ilə Cavabdeh arasında qızıl alqı-satqısına görə pul münasibətlərinin yaranması və sonuncunun götürdüyü qızıllara görə İddiaçı borclu olması, borcunu ödəmək üçün əlavə vaxt istəməsi müəyyən olunur. Dövlət rüsumun ödəniş qəbzindən görünür ki, iddianın verilməsi 100 manat dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə nisyə alqı-satqı müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-601-ci maddələridir. Həmin maddəyə görə: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iş üzrə iddiaçının tələbi ondan ibarətdir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 9000 manat dəyərində qızılları cavabdehə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirməmiş, aldığı qızılların dəyəri kimi borclu qaldığı 9000 manat pulu verməli olduğu halda iddiaçıya verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Göstərilən hüquq normalarının tələbi baxımından sübut etmə yükü ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan pul məbləğlərinin verilməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının, həmin hal sübuta yetirildiyi təqdirdə isə pulun ödənilməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırki iş üzrə təqdim edilmiş əlyazma qəbz, cavabdehin HK 1/8822 saylı material üzrə alınmış izahatı, həmçinin iş materiallarına 1 ədəd DVD diskdə əlavə edilmiş səs yazılarla iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində göstərilən dəyərdə qızılların verilməsi öz təsdiqini tapsa da, cavabdehin həmin qızıllara görə ödənişlər etməsi və bunu təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 9000 (doqquz min) manat Cavabdeh alınaraq iddiaçı X3 verilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9000 (doqquz min) manat Cavabdeh alınaraq iddiaçı X3 verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar