Məhkəmə qərarları › İş №2(038)-515/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-515/2023

30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-515/2023 30.11.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K1 oğlunun katibliyi Cavabdeh iştirakı ilə. İddiaçı 1 saylı X1 Mərkəzinin Cavabdeh qarşı 842 manat maddi ziyan tələbinə dair mülki işə, məhkəmənin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 1 saylı X1 Mərkəzi Cavabdeh 842 manat maddi ziyan tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 1 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən 26 iyun 2023-cü il tarixdə Lerik meşəbəyliyinin 1a saylı meşə dolayısında reyd keçirilən zaman Yardamlı rayonu Alar kənd sakini Cavabdeh Nurəli oğlunun qanunsuz ağac kəsərək X3 aparılması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 842 manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2023 cü il tarixli 3-14-27-4/2- 288/2023 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. İddiaçı 1 saylı X1 Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin 1 saylı X1 Mərkəzinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun tərəfindən aktda göstərilən hərəkətlərə yol verilməmiş, hər hansı ağac kəsilməmişdir. 1 saylı X1 Mərkəzindən şikayətlər etdiyinə görə aralarında ədavət yaranmışdır. Bu səbəbdən barəsində heç bir qanuni əsası olmayan akt tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 1 saylı X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-14-27-4/2-288/2023 saylı məktubdan görünür ki, 842 manat maddi ziyanın ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. 26 iyun 2023-cü il tarxli aktdan məlum olur ki, Lerik meşəbəyliyinin 1a saylı meşə dolayının gözətçisi X2 rayonu Alar kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X3 aparması barədə məlumatı əsasında, həmin meşə dolayında araşdırma aparılmış, reyd keçirilən zaman meşə ərazisində 4,107 m3 həcmində 01 ədəd 76 sm-lik fıstıq cinsindən ağac kəsdiyi aşkar olunmuşdur. Dəymiş zərər 842 manat hesablanmışdır. 26 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Lerik meşəbəyliyinin 1a saylı meşə dolayında kök üstə yaş ağac kəsdiyinə görə Cavabdeh barəsində AR İXM-in 253.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mübahisənin hüquqi mahiyyətindən göründüyü kimi, iddiaçı cavabdehin ona ağac kəsməsi ilə maddi ziyan vurulmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq etmək üçün Mülki Prosessual Məcəllənin tələbinə əsasən daha öncə iddiaçıya cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ziyan vurulması məsələsi müəyyən olunmalıdır. Lakin işin hallarından göründüyü kimi, iddiaçı ona ziyan dəyməsini təsdiq edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə iddianı əsassız hesab edir. Belə ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Cavabdeh 1 ədəd fıstıq cinsindən olan yaş kökü üstə ağacı kəsməsini etiraf etmir. Bu işin digər halları ilə də təsdiq olunmur. Belə ki, iş materiallarında olan aktla qeyd edilən ağacın həqiqətən cavabdeh və ya digər şəxs tərəfindən kəsilməsini müəyyən etmək mümkün deyil. Həmçinin iş materiallarına aktda göstərilən ağacın məhz Cavabdeh tərəfindən kəsilməsinə dair hər hansı əlavə sübutlar, foto-şəkil və s. əlavə edilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin ağac kəsməsini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutları ümumi olaraq dəyərləndirərək belə hüquqi nəticəyə gəlir ki, iddia sübuta yetmədiyindən təmin olunmamalıdır. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi qət etdi: İddia rədd edilsin. İddiaçı 1 saylı X1 Mərkəzinin Cavabdeh qarşı 842 manat maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar