Məhkəmə qərarları › İş №2(038)-517/2024

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-517/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-517/2024 24.09.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi, iddiaçı 11 saylı X3 Mərkəzinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı 11 saylı X3 Mərkəzinin Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı 11 saylı X3 Mərkəzi iddia ərizəsi ilə müraciət edərək, Meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi kimi 17513,86 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub 11 saylı X3 Mərkəzin hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 03 və 22 fevral 2022-ci il tarixdə Masallı X3 Mərkəzinin 1 saylı meşə dolayında aparılan yoxlamalar və həmçinin təhvil qəbul zamanı müxtəlif cins və diametrdə 251 ədəd 275,11 m 3 həcmində ağacların qanunsuz kəsilməsi müəyyən olunmuşdur. X7 Fonduna 17513,86 manat məbləğində köküstə yaş və quru ağacların kəsilərək meşə sahəsinin aparılması və dövlət əmlakının qorunub saxlanılmasına məsul olan şəxslərin hadisəni rəsmiləşdirilməməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə kifayət qədər əsas verən məlumatlar mövcud olduğunda toplanılmış material hüquqi qiymət verilməsi üçün xx.xx.2022-ci il tarixdə Yardımlı Rayon Prokurorluğuna hər iki fakt üzrə sənədlər göndərilmişdir. Materiallar əsasında Yardımlı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Eyni zamanda Yardımlı Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 1(038)-26/2022 nömrəli hökm çıxarılaraq Yardımlı rayonu, Bərcan kənd sakini Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Tələb edilən 17513,86 qəpik məbləğində ziyan Yardımlı Rayon Məhkəməsinin qeyd edilən hökmündə təsdiqini tapmış və hökm qanuni qüvvəyə minmişdir. İddiaçı 11 saylı X3 Mərkəzinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2019-cu ildən 2022-ci ilin aprel ayınadək X5 Mərkəzinin 1 saylı meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. 1 saylı meşəbəyliyin ümumi sahəsi 8000 hektardan çox olmaqla 7 dolaydan ibarətdir. Həmin sahəyə meşəbəylər cavabdehdir. O üçüncü məsul şəxsdir. Dolayın ərazisində qırıntılar həqiqətən olub, lakin aktda göstərildiyi qədər olmamışdır. Barəsində cinayət işi olmuş və məhkəmə hökmü ilə CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmiş, həmin hökmlə razılaşaraq, apellyasiya şikayəti verməmiş, hökm qanuni qüvvəsini aldıqdan sonra сəriməsini də ödəmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(038)-26/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat miqdarında cərimə edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən 03 və 22 fevral 2022-ci il tarixdə Masallı X3 Mərkəzinin 1 saylı meşə dolayında aparılan yoxlamalar və həmçinin təhvil qəbul zamanı müxtəlif cins və diametrdə 251 ədəd 275,11 m 3 həcmində ağacların qanunsuz kəsilməsi müəyyən olunmuşdur . Yardımlı Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 1(038)-26/2022 nömrəli hökm çıxarılaraq Yardımlı rayonu, Bərcan kənd sakini Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Tələb edilən 17513,86 qəpik məbləğində ziyan Yardımlı Rayon Məhkəməsinin qeyd edilən hökmündə təsdiqini tapmış və hökm qanuni qüvvəyə minmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1 və 21.2-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Meşə Məcəllənin 79-cu maddəsinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş məhkəmə aktı faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. «C.İsmayılzadənin şikayətinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(038)-26/2022 nömrəli hökmü ilə Cavabdeh təqsirli hüquqazidd hərəkətləri ilə X9 17513,86 manat maddi ziyan vurması faktı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 17513,86 manat maddi ziyan alınaraq 11 saylı X3 Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırki iş üzrə cavabdehdən tutulacaq məbləğ 404,31 manat təşkil edir. Göründüyü kimi, zərər tələbi barədə iddianın qiyməti 1000 manatdan azdır. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizini təşkil edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227 və 233 -cü maddələrinə əsasən məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17513,86 manat maddi ziyan alınaraq 11 saylı X3 Mərkəzinin hesabına ödənilsin. Ödənilməli dövlət rüsumunun məbləği 142,54 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar