Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-666/2024 02.10.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin 11 saylı X2 Mərkəzinin Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin təhvil verilməsi» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin 11 saylı X2 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi il Yardımlı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin ləğv edilərək, ərazinin 11 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 nömrəli Qərarı ilə təsdiq edilmiş «Meşə fondu torpaqlarının icarəyə verilməsi» Qaydasına əsasən vətəndaş Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müraciətini nəzərə alaraq, Masallı X2 Mərkəzi ilə (bundan sonra Mərkəz) onun əsasında bağlanmış xx.xx.2020-ci il tarixli,01 nömrəli müqaviləyə əsasən 4 saylı meşəbəyliyinin 171-ci kvartalının 18-ci bölməsindən 1 ha meşə fondu torpağında gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş, meşə bitkiləri ilə örtülü olmayan ümumulikdə 01 ha torepaq sahəsi 15 (on beş) il müddətinə Cavabdeh icarəyə verilmişdir. xx.xx.2024-cü il tarixdə 1 saylı Ekolagiya və Təbii Sərvətlər İdarəsi və 11 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahəsinə baxış keçirilərkən 1 ha ərazidə meşə əkini işlərinin aparılmadığı müəyyən edilmişdir. Aşkar edilmiş fakt barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Dövlət meşə fondu torpağında meşə əkini işləri aparımadığından və bununla da müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduğundan müqaviləyə xitam verilməsi barədə Cavabdeh təklif göndərilmiş (xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu) məktub ona daxil olduğu vaxtdan 10 gün müddətində müqaviləyə xitam verilməsi ilə razılaşıb və ya imtina etməsi barədə mövqeyini bildirməsi barədə ünvanlarına rəsmi cavab verilməsi xahiş edilmişdir.Cavabdeh xx.xx.2024-cü il tarixdə şəxsən məktubu almasına baxmayaraq, müqaviləyə xitam verilməsi ilə bağlı təklifə münasibət bildirməmiş, ondan Mərkəzə hər hansı rəsmi cavab daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 25-ci maddəsinə əsasən; 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-nin 26-cı maddəsinə görə: 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 №-li Qərarının 11-ci maddəsində göstərilir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 23-cü bəndində qeyd olunur ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin 11 saylı X2 Mərkəzinin irəli sürdüyü iddia ərizəsinin məzmunundan görünür ki, tərəflərdən biri dövlət orqanı, digəri isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan (elektron məhkəmə informasiya sistemindən görünür ki, cavabdeh qismində qeyd edilmiş Cavabdeh fəaliyyəti müvəqqəti dayandırılmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN **********)) fiziki şəxs və irəli sürülən tələb iqtisadi məzmunludur. Beləliklə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbi baxımından Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin 11 saylı X2 Mərkəzi ilə Cavabdeh arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan (mübahisənin predmetinə, hüquq münasibətinin xarakterinə və işdə iştirak edən şəxslərin sübyektiv tərkibinə görə) hazırki iddiaya ümumi məhkəmədə, konkret olaraq isə Yardımlı Rayon Məhkəməsində deyil, mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən və MPM-nin 25, 26, 263,264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin 11 saylı X2 Mərkəzinin Cavabdeh qarşı «xx.xx.2020-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin ləğv edilərək, ərazinin 11 saylı X2 Mərkəzinə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin 11 saylı X2 Mərkəzinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(038)-666/2024
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-666/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver