Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1/2020 04.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hаkim Cavabdova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra – Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bank, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 1985micMNG/14 №-li “Əsas kredit və bank hesabı müqaviləsi” çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 709micMNG/15 №-li “Əlavə kredit müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2736,44 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 311,94 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 221,93 ABŞ dolları, cəmi isə 3270,31 ABŞ dolları, habelə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun borcalan Cavabdeh1dan və onun öhdəliklərinin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada Bankın xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 1985micMNG/14 №-li “Əsas kredit və bank hesabı müqaviləsi” əsasında Bank tərəfindən Cavabdeh1 üçün 20.000 manat məbləğində kredit xətti açılmış və xx.xx.2015ci il tarixli 709micMNG/15 №-li üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 4000 ABŞ dolları Cavabdeh1 “Əsas kredit və bank hesabı müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 öhdəliklərinə zamin durmuşlar. Həmin müqavilə çərçivəsində Bank ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 1985micMNG/14 “Əlavə kreditmüqaviləsi”nə əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 29% dərəcəsi ilə,18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 “Əlavə kredit müqaviləsi” üzrə Bank qarşısında kreditin hissə-hissə qaytarılması barədə üzərinə öhdəlik götürsə də, öhdəliyi icra etməmiş və nəticədə onun Banka 2736,44 ABŞ dolları məbləğində əsas borcu, 311,94 ABŞ dolları məbləğində hesablanmış faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən Cavabdeh1 “Əlavə kredit müqaviləsinin” şərtlərinə əsasən 221,93 ABŞ dolları məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. Bank, tərəfindən borclulara dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödəməmiş qalmışdır. Bank da, bu səbəbdən ”məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmək və bu zaman 20 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Yevlax Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh2 həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz verərək, borcun məbləği ilə razı olmadığını bildirmişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. Sonradan iddiaçı iddia həcminin azadılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, həmin işüzrəcavabdehlər Cavabdeh1 və Cavabdeh2 “xxxxxxx” KB ASC-nin xeyrinəəsas borc üzrə 1770,64 ABŞ dolları kredit borcu, 311,94 ABŞ dolları faiz, 221,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2304,46 ABŞ dolları kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bankın nümayəndəsi T.Piriyeva iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2. bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.10. bəndində deyilir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Fərmanın qanuni qüvvəsini almasından xeyli vaxt keçməsinə baxmayaraq iddiaçı bank tərəfindən qeyd olunan prosessual hərəkətlərlə bağlı məhkəməyə məlumat daxil olmamışdır. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədən kənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait, və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Məhkəmə, işin yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək belə hesab edir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən qətnamə ləğv olunaraq iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni, fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulmasına” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver