Məhkəmə qərarları › İş №2(039)-1/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1/2024 06.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiаçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dаir mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiаçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 4705,43 ABŞ dolları - bundan 3336,41 ABŞ dolları əsas, 1098,90 ABŞ dolları faiz, 270,12 ABŞ dolları cərimə və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli 1464/İ14 USD saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 32 faizlə 4,000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında 24 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4705,43 ABŞ dolları təşkil edir. Bundan 3336,41 ABŞ dolları əsas, 1098,90 ABŞ dolları faiz, 270,12 ABŞ dolları cərimə borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə Xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Hikmət Həsənli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesslərinin çoxluğu, mürəkkəbliyi nəzərə alaraq məhkəmə iclasını iştirakı olmadan keçirib iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, kredit müqaviləsində qeyd edilən məbləği götürsə də, maddi çətinliklərlə bağlı ödənişi şərtləşdirilmiş məbləğdə və vaxtında edə bilməmişdir. Bu müddət ərzində az bir məbləğ ödəmişdir. Bu səbəbdən də borc yaranmışdır. İddiaçı əsassız olaraq həmin borca yüksək məbləğdə faiz borcu, cərimələr hesablanmışdır. İddianın qismən, yalnız əsas borc tələbi hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Sübutlar: Təqdim edilmiş 24 oktyabr 2014-cü il tarixli 1464/İ14USD saylı kredit müqaviləsi ilə təsdiq olunur ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 32 faizlə 4.000 ABŞ dolları kredit verilmişdir. Təqdim edilmiş 24 oktyabr 2014-cü il tarixli 1464/İ14USD saylı zaminlik müqaviləsi ilə təsdiq olunur ki, Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 İddiaçı ASC-nin qarşısında olan öhdəliklərinin tamamilə və ya hissə - hissə icra edilməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Maliyyə arayışından müəyyən olunur ki, həmin müqavilə üzrə 3336,41 ABŞ dolları əsas, 1098,90 ABŞ dolları faiz borcu yaranmış, 270,12 ABŞ dolları cərimə hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 439.2. əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Maddə 445.7. borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır Maddə. 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə.9.1 və 9.3 ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə.14.2. məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə.77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə.88. məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə qətnaməsi haqqında Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmənin hüquqi mövqeyi: Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 32 faizlə 4.000 ABŞ dolları kredit verilmiş, habelə borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında 24 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, lakin borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 münasibətdə əsaslıdır, həmin məbləğ cavabdehlər tərəfindən də mübahisələndirilmədiyindən əsas borc onlardan iddiaçı Bankın xeyrinə tutulmalı və borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla ödənilməlidir. Məhkəmə iddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilənin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Belə ki, mövcud sübutlar əsasında müəyyən edilir ki, kredit müqaviləsi üzrə ödəniş qrafiki üzrə müəyyən edilmiş məbləğdə ödənişlər lazımi qaydada edilməmiş və bununla da həmin dövrlərdə artıq borc yaranmışdır. Buna baxmayaraq ona münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında nəzərdə tutulmuş müddəalar tətbiq edilməmişdir. Halbuki, Cavabdeh1 ardıcıl olaraq öhdəliyi icra etmədiyi təqdirdə iddiaçı müqavilənin ləğv edilməsi və borcun ödənilməsini tələb etməli idi. Lakin, müqavilə üzrə münasibətlər formal olaraq davam etdirilmiş, bu səbəbdən Fərmanın tələbləri cavabdehə münasibətdə tətbiq edilməmiş, bununla da onun hüquqları pozulmuşdur. Bu səbəbdən restrukturizasiyaya təklif olunması müəyyən edilən kredit məbləği restrukturizasiya olunmadığından iddia tələbi yalnız restrukturizasiya olunması təklif edilən əsas borc məbləği həddində təmin olunmalı, faiz borcu, cərimə və gecikdirilmiş vaxt üçün faiz borcu hissəsində rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli 1464/İ14USD saylı kredit müqaviləsi üzrə 3336,41 ABŞ dolları əsas borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla, habelə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar