Məhkəmə qərarları › İş №2(039)-1030/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1030/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1030/2021 02.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan aylıq alimentin miqdarının artırılaraq 200 manat müəyyən edilməsi və X2 3 yaşına çatanadək cavabdehdən ayda 100 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 2019-cu ildə nikah bağlamışlar. Birgə nikahdan 10.08.2019-cu il təvəllüdlü X2 adlı uşaqları var. Yevlax Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması və uşağın onun yanında qalması, uşağın saxlanılması üçün hər ay 130 manat alimentin tutulması qət edilmişdir. Uşaq onunla yaşayır. İddiaçı Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək, məhkəmə prosesində iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1696/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, 10 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 sentyabr 2020-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin artırılması barədə iddia qismən əsaslıdır. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1696/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş, yəni uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 10 avqust 2019-cu il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2020-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının özünün saxlanılması üçün alimentin tutulması barədə iddia təmin edilə bilməz. Belə ki, həmin tələbin qanuni əsasını Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Qeyd olunan maddədən görünür ki, bu əsasla alimentin tutulması üçün aliment tutulmalı olan şəxs buna zəruri vəsaitə malik olmalıdır. Lakin hazırkı işdə bu hallar təsdiq edilmir. Çünki cavabdehin maddi vəziyyəti və onun işləməsi və aylıq qazancı barədə sübutlar təqdim olunmadığına görə onun zəruri vəsaitə malik olması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 10 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar