Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1058/2021 09.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 21.11.2018-ci il tarixli müqavilə üzrə “Samsung” markalı paltaryuyan üçün 390 manat ödənilməmiş hissə, 39 manat cərimə, 20.10.2019-cu il tarixli müqavilə üzrə “DECT GİGASET” markalı ev telefonu üçün 66 manat ödənilməmiş hissə, 6 manat cərimə, ümumilikdə 501 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 531 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 21.12.2018-ci il və 20.10.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan “Samsung” markalı paltaryuyan və “DECT GİGASET” markalı ev telefon almış və nəticədə 501 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.12.2018-ci il tarixli müqaviləyə əsasən 429 manat olmaqla, ondan 390 manat ödənilməmiş hissə, güzəşt olunaraq 39 manat cərimə, 20.06.2019-cu il tarixli müqaviləyə əsasən 72 manat olmaqla ondan 66 manat ödənilməmiş hissə, güzəşt olunaraq 6 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 915 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 21.12.2018-ci il tarixli, 00427927 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung” markalı paltaryuyan satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın-1236 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 20.10.2019-cu il tarixli, 00993942 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə “DECT GİGASET” markalı ev telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın- 135 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş 07 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alğı-satqı qiyməti 1236 manat olan “Samsung” markalı paltaryuyan üçün ümumilikdə 429 manat olmaqla, 390 manat ödənilməmiş hissə və 39 manat cərimə borcu, alğı-satqı qiyməti 135 manat olan “DECT GİGASET” markalı ev telefonu üçün ümumilikdə 72 manat olmaqla, 69 manat ödənilməmiş hissə və 6 manat cərimə borcu olmaqla, cəmi 501 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 501 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 501 manat məbləğində borc Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 501 (beş yüz bir) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1058/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1058/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver