Məhkəmə qərarları › İş №2(039)-1059/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1059/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1059/2021 09.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 775 manat məbləğində əsas, 232 manat məbləğində cərimə borcu və 31 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1038 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 13 avqust 2012-ci il tarixdə 4523 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün İddiaçı ilə digər Cavabdeh2 ilə 13 avqust 2012-ci il tarixdə 4523/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh1 aldığı 1251 manat dəyərində malın (notebook) dəyərini 12 ay ərzində hər ay 75 manat olmaqla ödəməli idi. Lakin ödəniş cədvəli üzrə Cavabdeh1 müqavilə rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərti ilə tam şəkildə ödəniş etməmişdir və sonuncu dəfə 21 oktyabr 2020-ci ildə 75 manat ödəniş olunmuşdur. 13 avqust 2012-ci il tarixdə 4523 saylı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq bu günə kimi Cavabdeh1 775 manat məbləğində əsas, 232 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehlərə pulları ödəmələri barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, 13.08.2012-ci il tarixli, 4523 №li alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh1 notebook satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın-1251,84 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, 13 avqust 2012-ci il tarixli, 4523 №li alqı-satqı müqaviləsi üzrə borclu X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında 13 avqust 2012-ci il tarixli, 4523/1 №li zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 13.08.2012-ci il tarixdə 4523 saylı bağlanmış alqı-satqı müqavilə üzrə ödənilməmiş 775 manat əsas, 232 manat cərimə borcu olmaqla cəmi 1007 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni notebook adlanan malı Cavabdeh1 vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya cəmi 1007 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 775 manat, 232 manat cərimə borcu olmaqla, ümumilikdə 1007 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borc üzrə 775 manat, 232 manat cərimə borcu olmaqla, ümumilikdə 1038 manat borc və ödənilmiş 31 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar