Məhkəmə qərarları › İş №2(039)-1097/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1097/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1097/2021 12.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borcludan müəssisənin xeyrinə 2,871.36 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun, ümumi 2,891.36 manat vəsaitinin məcburi tutulması barədə əmrin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. İddiaçı MMC ərizəni belə əsaslandırmışdır ki, “Azercell” ilə borclu arasında abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə ona ********* nömrə və “İ Phone 7” markalı mobil telefonu 24 ay müddətinə hər ay X1 nəzərdə tutulmuş qaydada ödəniş etmək şərti ilə verilmişdir. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. X2 3-cü bəndinə uyğun olaraq, Abunəçi əldə etdiyi cihazın müqabilində hər ay ƏDV daxil 169 manat aylıq haqq ödəyəcəkdir. Hər hansı səbəbdən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verildikdə və ya Abunə müqaviləsində nəzərdə tutulmuş qaydada xidmət göstərilməsində məhdudiyyət qoyulduqda bu Əlavədə göstərilən cədvəldə müəyyən edilmiş cərimə məbləğini tam ödəyəcəkdir. Lakin üç faktura üzrə borclar ödənilmədiyindən fakturaya aylıq borcdan başqa cihazın dəyəri də, yəni ƏDV daxil olmaqla abunəçinin cəmi borcu 2,871.36 manat təşkil etmişdir. İddiaçı MMC nümayəndəsi Balaş Məhərrəmov məhkəmə iclası zamanı iddiaərizəinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh İ-Phone 7 markalı telefona dair 09 may 2017-ci il tarixli müqavilədə olan imzanın ona aid olmadığını bildirsə də, eyni tarixdə, yəni 09 may 2017-ci il tarixdə İ-Phone 7 markalı telefonla birlikdə mobil nömrə almış və həmin nömrə hazırda da cavabdehin istifadəsindədir. İ-Phone 7 markalı telefona dair müqavilə cavabdehin özünün müraciəti əsasında şəxsən onun özü tərəfindən imzalanmışdır. Bu zaman cavabdeh öz şəxsiyyət vəsiqəsini də təqdim etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 09 may 2017-ci il tarixdə İddiaçı MMC-nin hər hansı bir dükanına müraciət etməmiş, İ-Phone 7 markalı telefon almamışdır. İddiaçı tərəfin təqdim etdiyi həmin tarixli müqavilələrdə olan imzalar ona məxsus deyil. Ehtimal edir ki, bunu həmin zaman onun rəhbərlik etdiyi şöbənin əməkdaşı Orxan İsmayılov edib. Belə ki, Orxan ona müraciət edərək “Azercell” tərəfindən keçirilən kampaniyada onun ballarının toplandığını bildirmiş və bunu əldə etmək üçün ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Orxana etibar etdiyindən şəxsiyyət vəsiqəsini ona vermişdir. 050 *** ** ** nömrəsi onun özünə məxsusdur və hazırda da istifadəsindədir. Həmin nömrəni almağı həmin zaman tanışından xahişdir və həmin tanışı alıb nömrəni gətirib ona vermişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.09.2017-ci il tarixli müqavilələrin surətindən görünür ki, sonuncu, ********* nömrə və hər ay 169 manat ödəmək şərti ilə İMEİ nömrəsi **********33706, “İ-Phone 7 (128 gb)” markalı telefon almışdır. Maliyyə arayışına əsasən Cavabdeh 30 may 2018-ci il tarixə 2,871.36 manat məbləğində borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 4/769 nömrəli 15 iyul 2021-ci il tarixli ekspert rəyində qeyd edilir ki, ekspertizaya təqdim olunmuş İddiaçı MMC və Cavabdeh adlarında olan 09.05.2017-ci il tarixli Abunə müqaviləsinin “Abunəçi” qrafasındakı imzanın – tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə Cavabdeh tərəfindən icra olunub – olunmaması haqqında rəy vermək mümkün deyil. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki-Prosessual Məcəllə: Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09 may 2017-ci il tarixdə 050 *** ** ** mobil nömrəyə dair müqavilə, eyni zamanda İ-Phone 7 markalı telefona dair Abunə müqaviləsinə Əlavə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə Cavabdeh hər ay 169 manat ödəməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Cavabdeh İddiaçı MMC-yə ümumiyyətlə şəxsən, mobil nömrəyə və mobil telefona görə müraciət etmədiyini və qeyd edilən müqavilələri imzalamadığını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla əlaqədar təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizası ilə də onun bu dəlilini, yəni müqavilənin onun tərəfindən imzalanmadığını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, cavabdeh qeyd edilən müqavilələrin rəhbərlik etdiyi şöbənin əməkdaşı tərəfindən bağlandığını bildirmiş, bununla bağlı məhkəmə iclası təxirə salınsa da onun iştirakını iclasda təmin etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, cavabdeh almış olduğu əmlakın dəyərini tam olaraq ödəməmiş və həmin əmlaka görə onun ödəmilməmiş 2,871.36 manat borcu qalmışdır. Borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərci, ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat Cavabdeh iddiaçının xeyrinə, ödənilməli olan daha 10 manat isə dövlət büdcəsi xeyrinə tutulmalıdır. İddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 09 may 2017-ci il tarixli nömrəyə dair müqavilə, eyni zamanda İ-Phone 7 markalı telefona dair Abunə müqaviləsinə Əlavə üzrə 2,871.36 manat ödənilməmiş borc və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat, cəmi 2,891 (iki min səkkiz yüz doxsan bir) manat 36 (otuz altı) qəpik İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilməli olan 10 (on) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 140 (bir yüz qırx) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar