Məhkəmə qərarları › İş №2(039)-1108/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1108/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1108/2024 13.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehla onun birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(039)-1570/2017 saylı qətnaməsinə əsasən Cavabdeh hər ay bir uşaq üçün tutulması qət edilmiş 100 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində olmaqla cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(039)-1570/2017 saylı qətnaməsinə əsasən Cavabdeh hər ay bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment məbləğinin alınaraq ona verilməsi qət edilmişdir. Müəyyən olunmuş aliment məbləği hazırkı dövr üçün çox azdır.O, bu məbləğlə uşağını saxlaya bilmir.Həmin məbləğ uşağın tələbatını ödəmir. Bu səbəbdən də,o uşağın saxlanılması üçün Cavabdeh faktiki olaraq kifayət qədər maddi imkanının yaxşı olmasını nəzərə alaraq aliment məbləğinin artırılması ilə bağlı hazırkı iddianı qaldırmışdır. Cavabdehdən bir uşağın saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin tutulmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və uşağın saxlanılması hər ay 180 manat aliment təyin olunmasını xahiş etmişdir (bu barədə müvafiq ərizə təqdim etmişdir). Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul edərək uşağın saxlanılması üçün hər ay 140 manat aliment ödəməyə razı olduğunu bildirmişdir (bu barədə müvafiq ərizə təqdim etmişdir). Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZ-İİİ seriyalı 626784 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Nurməmməd adlı uşaqları var. xx.xx.2024-cü il tarixli, MŞY/MT034/2024-00120 saylı arayışdan məlum olur ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1570/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-104/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması qət edilmişdir. Yevlax rayon Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 5-9-3/2- 202/2024 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatdadır. Həqiqətən də işləmir,və himayəsində bir övladı vardır. "xxxx" MMC-nin 06 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən "xxxx"MMC-də sürücü-ekspeditor-kassir vəzifəsində çalışr,onun aylıq əmək haqqı məbləği 172.50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırıödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Yevlax Rayon Məhkəməsinin 2(039)-1570/2017 saylı saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa 170 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-1570/2017 saylı saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 170 manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar