Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1110/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun ilə borcalan Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış 15L000001497 nömrəli “Kredit xətti müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 422,59 ABŞ dolları, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun öhdəliklərinin icrasına zamin durmuş digər Cavabdeh2 müştərək qaydada Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “Kredit xətti müqaviləsinə” əsasən, Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 onun Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuş və bu barədə Cavabdeh2 və Bank arasında xx.xx.2012-ci il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Bank və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15L000001497S nömrəli müqavilə ilə “Kredit xətti müqaviləsinə” dəyişikliklər və əlavələr edilərək, kreditin verilmə müddəti 169 ay, kredit məbləği isə 20.000 ABŞ dolları müəyyən edilmişdir. Müqaviləyə əsasən, Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit xətti razılaşması ilə müəyyən olunmuşdur. Həmçinin Bank və iş üzrə digər Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” müqavilə bağlanmışdır. İddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 015R********** nömrəli “Kredit razılaşması” əsasında Bank tərəfindən Cavabdeh1 aylıq 2.416 faiz dərəcəsi ilə, 15 ay müddətinə 2.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli sazişlərə əsasən “Kredit razılaşmasına” və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq Banka ödəməyi öhdəsinə götürmüşdür. Bunlara baxmayaraq, qeyd edilən müqavilələr üzrə Bank qarşısında götürülmüş öhdəliklər lazımi qaydada icra edilməmiş, yalnız 2077,41 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Nəticədə cavabdeh tərəfin Banka 422,59 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Bank, tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Bankın nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Kredit xətti müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə, 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit xətti razılaşması ilə müəyyən edilmişdir. Daha sonra Bank və Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli müqavilə bağlanmış və həmin müqavilə ilə “Kredit xətti müqaviləsinə” dəyişikliklər və əlavələr edilərək, kreditin verilmə müddəti 169 ay, kredit məbləği isə 20.000 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı Bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit razılaşmasına” əsasən aylıq 2.416 faiz dərəcəsi ilə, 15 ay müddətinə, “Kredit müqaviləsinin” ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən edilmiş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2.500 ABŞ dolları məbləğində kredit iddiaçı Bank tərəfindən Cavabdeh1 verilmişdir. Kreditin təminatı olaraq iş üzrə digər Cavabdeh2 ilə xx.xx.2012-ci il tarixli “Zaminlik müqaviləsi”, xx.xx.2014-cü il tarixdə isə “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh2 Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, “Kredit razılaşması” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə cavabdeh tərəfin 422,59 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 tutulmalı olan kredit borcu 422,59 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Digər cavabdeh-zamin Cavabdeh2 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildəşərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli Qərarında göstərmişdir ki: “Zaminlik və ipoteka müqavilələrinin bağlanmasıüçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Tərəflər arasında bağlanmış yuxarıda istinad olunan kredit xətti müqaviləsində isə faiz dərəcəsi ümumiyyətlə göstərilməmişdir. Zaminlik müqaviləsində isə əsas öhdəlik kimi faiz dərəcəsi müəyyən edilməyən kredit xətti müqaviləsi göstərilmiş, xx.xx.2016-cı il tarixli kredit razılaşması isə zamin Cavabdeh2 tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı X5 cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin olunmalı, Cavabdeh1 Bankın xerinə tutulmalı olan kredit borcu 422,59 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiası qismən təmin edilsin. Kredit borcunun ödənilməsi məqsədi ilə 422,59 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1110/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1110/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver