Məhkəmə qərarları › İş №2(039)-1165/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1165/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1165/2023 06.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 24570 manat pulun və ödənilmiş 164 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağcabədi şəhər M.Ə.Rəsulzadə küçəsi Təzə məhəllələrdə yaşayır, hərbi xitməti bitirdikdən sonra Silahlı Qüvvələrin tərkibində Yevlax rayonu Kövər kənd sakini Cavabdeh ilə birlikdə müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş və 44 günlük Qarabağ Müharibəsinin iştirakçısıdır. xx.xx.2021-ci il tarixdə cavabdeh pula ehtiyacı olduğundan bir dost kimi ona köməklik etməsini xahiş etmiş, o da özündə və atasında olan pulları toplayaraq Turala həmin tarixdə 24570 manat pul vermişdir. Tural həmin tarixdə ona yazılı formada qəbz vermişdir. Cavabdeh qəbzin birini öz xətti ilə yazmış, digərini isə komputerdə yazdırıb imzası ilə təstiqləyib ona vermişdir. Lakin pulu götürdükdən sonra Tural borcunu ona qaytara bilməmişdir. Dəfələrlə söhbət etsə də Tural maddi durumunun çətin olduğunu bildirib borcu verməkdən yayınır. Bu günə kimi Turaldan 24570 manat pulunu ala bilmir. Dəfələrlə cavabdehə pulunu qaytarması üçün müraciətlər etsə də nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax rayonu, Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda Cavabdeh Yevlax rayonu Kövər kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Yevlax rayonu Kövər kənd ərazisində yaşamaması, Cavabdeh hal-hazırda Yevlax şəhərində yaşadığı bildirilmişdir. Həmçinin sözügedən arayışda qeyd olunmuşdur ki, nümayəndəliyə göndərilmiş olduğunuz məhkəmə bildirişi tərəflərindən Cavabdeh qardaşı X1 təhvil verilmiş, qardaşı Cavabdeh 17 may 2023-cü il tarixində məhkəmədə iştirak etməsi vacibliyi onun nəzərinə çatdırılmış və qardaşının həmin məhkəmədə iştirak etməsini təmin etməsi ona bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli borc müqavilələrinin əslindən görünür ki, iddiaçı cavabdehə cəmi 24570 manat borc pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 24570 manat məbləğində pul vermiş, Cavabdeh 24570 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 24570 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24570 (iyirmi dörd min beş yüz yetmiş) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164 (bir yüz atmış dörd) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar