Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1180/2021 07.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Bağırlı X9 qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 10,000 manat məbləğində pulun və banka ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizəsi əsasında Yevlax Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh, ehtiyacı olduğu üçün 2021ci ilin mart ayının 05-də ondan 10,000 manat məbləğində borc pul almış, borcunu bir ay müddətinə qaytarmağa söz vermiş, lakin vədinə əməl etməmişdir. Cavabdehdən ona borclu olduğu 10,000 manat pulu dəfələrlə tələb etsə də, heç bir nəticə olmamış, cavabdeh anası ilə birlikdə onu döymüşlər. Döyülməsi ilə əlaqədar Yevlax Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Özü işləmir, himayəsində azyaşlı uşağı var. Maddi vəziyyəti çətindir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, qardaşının dostu olan Cavabdeh əvvəllər də bir neçə dəfə ona müraciət edərək ondan müxtəlif məbləğlərdə borc pul istəmişdir. Qardaşı ilə yaxşı münasibətləri olduğundan ona maddi köməklik etmişdir. 10,000 manat borc verməmişdən öncə 1,000 manat borc vermişdir. Cavabdeh ondan 10,000 manat deyil 1,000 manat aldığını bildirməklə aldığı borcu qaytarmaqdan yayınmaq istəyir. Belə ki, yazılı qəbzdən başqa Cavabdeh səs yazısı ilə də ondan 10,000 manat aldığını təsdiq etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı müxtəlif şəxslərə faizlə pul verməklə məşğuldur. Belə ki, bir neçə dəfə ona müraciət edərək ondan müəyyən məbləğlərdə faizlə pul götürmüş və hər dəfə faizi ilə birlikdə pulu qaytarmışdır. Sonuncu dəfə mart ayının əvvəlində ona pul lazım olmuş, Banka borcu olduğu üçün yenidən İddiaçı müraciət edərək ondan 1,000 manat pul borca istəmişdir. İddiaçı bildirmişdir ki, yalnız o şərtlə həmin məbləğdə pulu verə bilər ki, 10,000 manatın borc alınmasına dair qəbz versin. İddiaçı ilə bu barədə telefon danışığının şahidi qonşusu Fəxri Həmidov olmuşdur. Eyni zamanda tanışı Ceyhun Əliyev də İddiaçı borc pul aldığının şahidi olmuşdur. Maddi çətinliyi dözülməz olduğundan İddiaçı qeyd edilən tələbi ilə razılaşmış, 1,000 manat götürsə də, 10,000 manat borc pul almasına dair qəbzi imzalamış və onun tələbi ilə səs yazısı ilə də bunu təsdiq etmişdir. Həmin 1,000 manat pulu İddiaçı ona ödəniş terminalı vasitəsi ilə köçürmüşdür. Razılığa görə bu məbləğin müqabilində ona 1,500 manat pul qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Sonradan maddi durumu daha da pisləşdiyindən həmin pulu qaytara bilməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin vəsatəti üzrə şahid X4 bildirmişdir ki, Cavabdeh onun qonşusudur. Təxminən 2021-ci ilin fevral ayında onunla birlikdə olan zaman Ağası bildirmişdir ki, 1,000 manat pula ehtiyacı var. Borc almaq məqsədi ilə Ağası onun yanından İddiaçı zəng etmiş və ondan borc pul istəmişdir. Ağasının yanında dayandığı üçün İddiaçı telefon danışığını eşitmişdir. Günel Ağasıya bildirmişdir ki, 1,000 manat pul verməsi üçün Ağası 10,000 manat alması barədə qəbzə imza etməlidir. Ağası da buna razılıq bildirmişdir. Günel Ağasıya pul verən zaman, habelə qəbzi imzalayan zaman onların yanında olmamışdır. X3 bildirmişdir ki, Cavabdeh onun tanışıdır. İddiaçı isə müxtəlif şəxslərə faizə pul verən şəxs kimi tanıyır. Ağası ailə quran zaman 650 manat pulu Güneldən alıb ona vermişdir. Bir müddət sonra Ağasının anası 650 manat pulu ona vermiş, o isə həmin pulu Günelə qaytarmışdır. Pulu Günelə qaytaran zaman Günel bildirmişdir ki, Ağasının ona daha 1,500 manat borcu var. Sonradan eşitmişdir ki, Ağası ilə Günel arasında pula görə mübahisə olmuşdur. 10,000 manat pula dair qəbz imzalanan zaman və həmin pul verilən zaman onların yanında olmamışdır. Təqdim edilmiş qəbzdə qeyd olunur ki, “Mən Bağırlı X2 Günel Əziz qızından 10,000 min (on min manat) pul borca alıram özümə maşın almaq məqsədi ilə 1 aya qaytaracam özüm yazdım öz xəttimdi qolumla təsdiq edirəm”. Tarix 2021-ci il 03.05. Digər qəbzdə qeyd olunur ki, “mən X1 Günel Əziz qızından 1,000 azn (min azn) pul aldım 1 ay müddətində qaytarmaq şərti ilə”. İddiaçı tərəfindən təqdim edilmiş audio yazı olan disk məhkəmə iclası zamanı cavabdehin razılığı ilə dinlənilmiş, həmin yazıda Cavabdeh bildirir ki, İddiaçı 10,000 manat pul almışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 05 mart 2021-ci il tarixdə borc pul almışdır. Bu zaman Cavabdeh yazılı qəbz təqdim edərək 10,000 manat pulu İddiaçı borc aldığını və bir ay müddətində qaytaracağını qeyd etmişdir. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Həmin zaman Cavabdeh razılığı ilə İddiaçı onun səsini audio yazıya qeyd etmiş və bu barədə onun özünü xəbərdar etmişdir. Həmin audio yazıda da Cavabdeh 10,000 manat borc aldığını etiraf etmişdir. Bu halları Cavabdeh məhkəmə iclası zamanı tam olaraq etiraf etmişdir. İddiaçı həmin əqdə istinad edərək əqddə qeyd edilmiş 10,000 manat pulu tələb etmişdir. Cavabdeh həmin qəbzdə olan imzanın ona məxsus olduğunu etiraf etmiş, lakin iddiaçıdan 1,000 manat aldığını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin vəsatəti üzrə ifadə verən şahidlər isə tərəflər arasında pul verilən, qəbz yazılan zaman orada iştirak etmədiklərini bildirdiklərindən onların ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. X13 İddiaçı danışığını bilavasitə eşitdiyini bildirsə də, qəbz yazılan, pul verilən zaman orada olmadığını bildirdiyindən onun ifadəsi hər hansı faktın təsdiqi kimi qəbul edilə bilməz. Bundan başqa, Cavabdeh ona ödəniş terminalı vasitəsi ilə cəmi 1,000 manat köçürüldüyünü qeyd etsə də, bunun təsdiqi olaraq hər hansı sübut təqdim etməmişdir. İddiaçı isə Cavabdeh 1,000 manat borc verilməsinə dair qəbz təqdim edərək köçürmənin həmin borca aid olduğunu bildirmişdir. Beləliklə, tərəflər arasında borc müqaviləsinin 10,000 manata dair bağlandığı cavabdeh tərəfindən imzalanmış qəbzlə və onun səs yazısı ilə təsdiq olunur ki, bu sübutu təkzib edə biləcək mötəbər sübutlar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 10,000 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 10,000 manat borc, habelə 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 10,030 (on min otuz) manat 40 (qırx) qəpik İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev: Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1180/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1180/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver