Məhkəmə qərarları › İş №2(039)-1186/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1186/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1186/2020 01.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 224,84 manat əsas borc, 1328,77 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1583,61 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Yevlax” filialı və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 5.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentner məhsul əldə etməklə 12.5 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1458,05 manat dəyərində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə görə cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh 875,71 manat məbləğində 1426,90 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtlərini pozulmuşdur. Cavabdeh təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 357,5 manat cəmiyyətə geri qaytarmış, 224,84 manat borcu ödənilməmiş qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Yevlax” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqələri ilə təsdiq edilir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1ci növ qiymətinin (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 600 manatdır) 20 % həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği hazırki halda 1328,77 manat təşkil edir. Müqavilə üzrə 12.5 ton xam-pambıq təhvil verilməli olduğu halda 1426,90 kq təhvil verilib. Verilməmişdir: (12.5 t-1426,90 kq)*600 manat=6643,86 manat*20%=1328,77 manat. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında cavabdeh X1 işə mahiyyəti üzrə baxılmasını,iddia tələbini qismən qəbul etdiyini, pambıq yığımının onun planlaşdırdığı şəkildə olmadığını və bu səbəbdən iddiaçıya borcununun yarandığını, imkanı olduqca borcundan ödənişlər edəcəyini və cərimə borcunun çox hesablandığını bildirərək, məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin “MKT-Yevlax” filialı və Cavabdeh arasında xx xxxxxx 2018-ci ildə “2018-ci il mövsümü üzrə xam-pambığın alqısatqısı”na dair ********* saylı müqavilə bağlanmış, cavabdeh 12.5 hektar torpaq sahəsində pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xampambığı müqavilədə qeyd olunmuş qiymətə alıcının mülkiyyətinə vermək, alıcı isə xampambığı vaxtında qəbul edib məhsulun dəyərinin satıcıya ödənilməsini təmin etmək öhdəliyi götürmüşdür. Bu müqavilənin 4.2-ci bəndinə əsasən təsərrüfat (hazırki iş üzrə cavabdeh) üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə, onda təhvil verilməyən xam-pambığın dəyərinin 20% miqdarında (birinci növ qiyməti ilə) alıcıya və yaxud alıcının razılığı ilə tədarükçüyə cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə və cavabdehin izahatı təsdiq olunur ki, İddiaçı MMC, “MKT-Yevlax” filialı alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirib alacağı məhsulun müqabilində cavabdehə qabaqcadan avans vermiş olsa da, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və İddiaçı MMC, “MKT-Yevlax” filialına 12.5 ton xam-pambıq verməli olduğu halda 1426,90 kq xam-pambıq vermişdir. Odur ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən pul məbləğini tələb etməkdə haqlıdır. İddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə hesab edir ki, tələb olunan 1328,77 manat cərimə borcu azaldılaraq 20 manat müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1328,77 manat əsas borc və 20 manat cərimə borcu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 224,84 manat əsas borc, 20 manat cərimə borcu cəmi 244 (iki yüz qırx dörd) manat 84 (səksən dörd) qəpik məbləğində vəsait və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01(bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar