Məhkəmə qərarları › İş №2(039)-1206/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1206/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1206/2024 23.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Cavabdeh vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi ziyan» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında olan şifahi razılaşmaya əsasən ondan aldığı 45000 manat əvəzinə ödədiyi 122000 manat puldan əsassız varlanma nəticəsində əldə etdiyi 77000 manat pulun, ona vurduğu 25000 manat mənəvi zərərin, tərəfindən ödənilmiş 392 manat dövlət rüsumu olmaqla, ümumilikdə 102392 manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını; Cavabdeh əməlində AR CM-nin 178-ci maddəsinin dispozisiyasında göstərilən cinayət tərkibinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmşdır ki, Cavabdeh onun həyat yoldaşı tərəfindən uzaq qohumudur. Uzun müddət onunla münasibətləri normal olmuşdur. Cavabdeh ayrı-ayrı şəxslərə sələmə pul verir. Onun özünə də lazım olduğundan ayrı-ayrı vaxtlarda ümumi olaraq 45000 manat pulu Badamdan almışdır. O həmin pulu alarkən maddi vəziyyəti çox ağır idi və Badam da bu vəziyyətdən sui-istifadə edərək qohumlarının yanında onu biabır edəcəyi ilə hədə qorxu gələrək aryı-ayrı vaxtlarda ondan ümumilikdə 122000 manat pul almışdır. Sonradan aralarında olan haqq hesab zamanı aydın oldu ki, Badamın ona verdiyi pulun təxminən üç qat artıq qaytardığını bildi və ondan artıq ödədiyi pulları geri istəmişdir. Cavabdeh ona bildimişdir ki, onu və ailə üzvlərini biabır etmək hədəsi ilə hüquq mühafizə orqanlarına guya ona qarşı dələduzluq etməkləri ilə bağlı şikayət edəcək. Hətta sosial şəbəkələrdə onun və ailə üzvlərinin şəkillərindən videoçarxlar hazırlayaraq yaymışdır. Cavabdeh ona verdiyi borc puldan daha artıq məbləğdə ondan geri almaqla heç bir bank fəaliyyəti ilə məşğul olmadan və vergi ödəmədən əsassız varlanmışdır. Ona görə də tərəfindən Cavabdeh artıq ödənilmiş 77000 manat pulun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmşdır. Bundan başqa Cavabdeh onu maddi vəziyyətdə özündən asılı vəziyyətə salmaqla həm də mənəvi iztirab yaşatmışdır ki, cavabdehin qanunsuz əməlləri ilə bağlı ona mənəvi zərər də vurulmuşdur. Bununla bağlı o həm psixoloji, həm də fizioloji xəstəliklərə durçar olaraq müalicə almışdır. İddiaçı nümayəndəsi və vəkli Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia ərizəsinin məhkəmə iclasında verdiyi izahatını məhkəmə çıxışı kimi qəbul edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili X2 çıxış edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkli Vəkil izah etmişdir ki, iddiaçı cavabdehdən ayrı-ayrı vaxtlarda cəmi 45000 manat pul almışdır. Pul faizə verilmişdir. Lakin həmin puldan iddiaçının ailəsinin məlumatı yox idi. 45000 manatın əvəzinə cavabdehə 122000 manat pul ödənilmişdir. İddiaçı hesab edir ki, cavabdehin ondan aldığı 77000 manat onun əsassız varlanmasına səbəb olmuşdur. Bu səbəbdən də pullarını geri istəyir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək izah etmişdir ki, Günel xanım onun uzaq qohumudur. İddiaçı ilə lotareya oynamışlar. Həmçinin maşın və qızıl al-veri etmişlər. Belə ki iddiaçının qohumu vuruq maşınları gətirib təmir etdirib satırdı və ondan gəlir əldə edirdilər. Yəni pullar lotareya, maşın və qızıl alveri məqsədi ilə verilmişdir. Müxtəlif vaxtlarda onun iş yoldaşlarından və qohumlarından da pul alıb qaytarmışdır. Həmin 122000 manatı ondan nəğd şəkildə hissə-hissə alıb və hissə-hissə bank kartına atmışdır. İddiaçıya məsələn 13000 manat pul verirdi, o da alver edib ona 5000 manat qazanc olduğundan ona 1000 manat qazancdan pul verirdi. Həmin pullar ona alverdən qazanc kimi verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 may 2021-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı 392 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflər uzaq qohumdular. İddiaçı cavabdehdən pul almışdır. Həmçinin iddiaçı cavabdehə 122000 manat pul göndərmişdir. İddiaçı cavabdehdən 45000 manat faizə pul götürdüyünü və 122000 manat qaytardığını bildirir. Cavabdehdən 77000 manat əsassız varlanmaya görə və 25000 manat mənəvi zərərə görə pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşmaya əsasən aralarında müxtəlif vaxtlarda və məbləğlərdə pul dövriyyəsi olmuşdur. 77000 manat pulu iddiaçı öz iradəsi və aralarında olan razılığa əsasən cavabdehə vermişdir. İddiaçı cavabdehə 77000 manat artıq pulun verildiyini bildirsə də, pulun hansı məqsədlə və cavabdehin əsassız varlanmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa təqdim edilmiş qəbzlərin şəkillərindən pulların kim tərəfindən və kimə göndərilməsi məlum deyil. İddianın mənəvi ziyan tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya cavabdehin hər hansısa hərəkətin nəticəsində mənəvi ziyanın dəyməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Cavabdeh əməlində AR CM-nin 178-ci maddəsinin dispozisiyasında göstərilən cinayət tərkibinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(039)-1206/2024 saylı xüsusi qərardadı ilə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş telefon yazışmalarında pulun üstünün verilməsi sözləri əks olunduğundan cinayət əlamətlərinin (qanunsuz sahibkarlıq ilə bağlı) olub-olmaması araşdırılması və müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Ona görə də, İddiaçı Cavabdeh qarşı «əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi ziyan» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «əsassız varlanmaya əsasən əldə olunmuş pul məbləğinin geri qaytarılması, vurulmuş maddi ziyan» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar