Məhkəmə qərarları › İş №2(039)-1223/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1223/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1223/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 418,60 manat pulun alınaraq iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh faktiki olaraq Yevlax rayonu Cırdaxan meşəbəyliyinin 6-cı dolayında yaşayır. Cıxrdaxan meşəbəyliyinə baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus olan 147 baş qoyun və 35 baş mal Cırdaxan meşəsində otlayır. Cavabdeh təbiətə Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş hesabata görə 418,60 manat ziyan vurmuşdur. Cavabdeh barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinirək 400 manat məbləğində cərimə edilmişdir. Cavabdeh cərimə borcunu tam şəkildə ödəmişdir. Lakin cavabdehdən dəfələrlə dəymiş ziyanın ödənilməsi tələb edilsə də, cavabdeh təbiətə dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, iddiaçının nümayəndəsi izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Tibbi Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 may 2020-ci il tarixli 59667 nömrəli aktından görünür ki, Ağdam rayonu Xaçındərbənd kəndində qeydiyyatda olan, faktiki olaraq Yevlax rayon Cırdaxan meşəbəyliyinin 6-cı dolayında yaşayan Cavabdeh özünün xırdabuynuzlu heyvanlarını gətirib qanunsuz olaraq meşə sahəsində otarır, meşə gözətçisinə tabe olmur, mal-qaranı meşə sahəsindən çıxartmır. İnzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunub. Cavabdeh meşə ərazisində mal-qara otarması ilə əlaqədar tərtib olunmuş hesabatdan görünür ki, Azərbaycan Respublikasıının Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarına əsasən meşəyə 418,60 manat ziyan vurulduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar, iş materialları ilə öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 418,60 manat cavabdehdən iddiaçının hesabına tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 418 (dörd yüz on səkkiz) manat 60(altmış) qəpik məbləğində pul alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar