Məhkəmə qərarları › İş №2(039)-1226/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1226/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1226/2021 29.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı X2, Cavabdeh iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən azyaşlı uşağı 21.10.2011-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu ildə ailə qurub evlənmişlər. Nikahlarını 10.01.2012-ci il tarixdə rəsmiləşdirmişlər. Bu nikahdan 21 oktyabr 2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin 24 avqust 2012-cı il tarixli qətnaməsi ilə rəsmi olaraq pozulmuş və 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Təyin olunmuş aliment çox azdır, uşağın saxlanmasını təmin etmir. Cavabdeh pensiya alır, fərdi fəaliyyət göstərir, telefon ustasıdır, aylıq qazancı vardır. Uşağına ən azı 150 manat aliment ödəyə bilər. Ona görə də alimentin artırılaraq 150 manat müəyyən edilməsi mümkündür. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, özünün ikinci qrup əlil olduğunu, 130 manat pensiya aldığını, heç bir yerdə işləmədiyini nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1208/2012 saylı, 24 dekabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, 21 oktyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 noyabr 2012-ci il tarixindən başlayaraq iddiaçı Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. DSMF-nin 17 saylı Regional ərazi filialının **********4 №li, 01.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ikinci qrup əlildir, 130 manat sosial müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırıödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 21. 10.2011-ci il təvəllüdlü X6 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 90 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 21.10.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçı X4 verilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilməli olan dövlət rüsumunun əvəzi- 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar