Məhkəmə qərarları › İş №2(039)-124/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-124/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-124/2022 17.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4,000 manat məbləğində borcun və 61 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, yaxından tanıdığı Cavabdeh 18 oktyabr 2019-cu il tarixində yanına gələrək təcili pula ehtiyacı olduğunu bildirərək ondan 2,000 manat borca pul almışdır. Aldığı pulu bir ay müddətində qaytacağına söz vermişdir. Daha sonra 01.11.2019-cu il tarixdə o, yenidən gələrək uşağının ağır xəstə olduğunu və bunun üçün əməliyyata təcili 3,000 manat lazım olduğunu bildirmişdir. Ona inanıb yenidən 3,000 manat pulu cavabdehə vermişdir. Hər iki halda cavabdeh aldığı pul barədə yazılı qəbz də təqdim edib. Lakin, cavabdeh aldığı 5,000 manat puldan bu günə kimi cəmi 1,000 manat pul qaytarıb. Yerdə qalan 4,000 manatı isə bu günə kimi qaytarmamışdır. Dəfələrlə sifariş və telefon zəngləri etsə də o pulu ödəməkdən boyun qaçırdır. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh borc almasına dair qəbzi şəxsən imzalamış və tez bir müddətdə qaytaracağına dair vəd versə də, buna əməl etməmişdir. Cavabdeh bir neçə dəfə özünə məxsus kredit kartını ona vermişdir ki, kartdan pulu çıxarıb borca hesablasın, bir miqdarını isə ona versin. Bu səbəbdən bir neçə dəfə kartdan pul çıxarıb bir hissəsini cavabdehə göndərmişdir. Ümumilikdə cavabdeh borcdan 1,000 manat ödəmişdir, qalan hissəsini isə ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Təqdim edilən, ATM-dən kart vasitəsi ilə çıxarılan pullara dair məlumatlarda Ağcabədi şəhərində əməliyyat aparıb pul çıxaran şəxs ola bilsin ki, onun oğludur. Belə ki, cavabdehin onun oğluna da borcu ola bilər. Cavabdeh onun oğluna müraciət edib özünə məxsus bildiyi pulları ondan istəyə bilər. Bu günə cavabdehin ödənilməmiş 4,000 manat borcu vardır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, münasibətləri yaxşı olduğundan müxtəlif vaxtlarda İddiaçı borc olaraq pul götürmüşdür. İddiaçının təqdim etdiyi qəbzlərdə olan imza ona məxsus olsa da, qəbzlərdə qeyd edilən məbləğlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçıdan az məbləğdə borc istəmiş, iddiaçı isə az məbləğdə pulu ona faiz ödəmək şərti ilə vermiş, faiz məbləğini hesablayıb son ödəniş məbləğini qəbzdə qeyd etmişdir. İddiaçıdan borc olaraq götürdüyü pulu ona hissə-hissə qaytarmaq məqsədi ilə özünə məxsus Bank kartını iddiaçıya vermişdir. Şərt belə olmuşdur ki, iddiaçı hər ay ona məxsus kartdan müəyyən məbləğdə pul çıxarıb, az bir hissəsini ona göndərəçəkdir. İddiaçı bunu elə də etmişdir. Ağcabədi şəhərindən kartdan pul çıxaran şəxs iddiaçının oğludur. Onun iddiaçının oğluna hər hansı borcu oxdur. Onun hesablamasına görə borc olaraq aldığı pulu faizi ilə birlikdə tam olaraq iddiaçıya artıq ödəmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 18 oktyabr 2019-cu il tarixli qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh Yevlax rayonu Tanrıqulular kəndində yaşayıram. İşlədiyim yer Bərdə rayonunun Xəsilli kəndində yerləşən N nömrəli hərbi hissənin avtomatlaşdırılmış komanda məntəqəsində operator vəzifəsində işləyirəm. Pula ehtiyacı olduğu üçün Ağcabədi rayon H.Əliyev prospekti ev 145-də yaşayan İddiaçı 2,000 manat borc pul aldım. 2000 manat borc pulu 1 ay müddətində ödəyəcəyimə söz verirəm.” imza 18.10.2019-cu il. 01 noyabr 2019-cu il tarixli qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh Yevlax rayonu Tanrıqulular kəndində yaşayıram. Hal-hazırda Bərdə rayonunun Xəsilli kəndində yerləşən RLK və İE batareyasında operator vəzifəsində işləyirəm. Pula ehtiyacı olduğu üçün Ağcabədi rayon H.Əliyev prospekti ev 145-də yaşayan İddiaçı 3000 (üç min) manat borc pul götürdüm. Götürdüyüm 3000 manat borc pulu 2 ay müddətində ödəyəcəyimə söz verirəm. Borcumu vaxtında ödəməsəm götürdüyüm hər aya borcumdan əlavə 300 manat ödəyəcəyimə söz verirəm”. İmza” 01.11.2019-cu il "xxxx" ASC tərəfindən təqdim edilmiş, 01.10.2019 – 01.09.2021-ci tarixlər üzrə məxaric əməliyyatlarına dair məlumat və mövcud görüntülərdən müəyyən olunur ki, bu müddət ərzində bir neçə dəfə Ağcabədi şəhəri ərazisində olan ATM-lərdən müxtəlif məbləğlərdə pul çıxarılıb. Həmin pulu çıxaran şəxs cavabdehin bildirdiyinə görə iddiaçının oğludur. İddiaçının ATM-dən pul çıxarmasına dair görüntü müəyyən edilmir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 18.10.2019-cu il tarixdə 2,000 manat borc pul alaraq bir ay müddətində, 01.11.2019-cu il tarixdə isə 3,000 manat borc pul alaraq iki ay müddətində qaytaracağına, bu məbləği qaytarmadığı təqdirdə isə hər ay əlavə 300 manat ödəyəcəyinə vəd vermişdir. Cavabdeh buna dair yazılı, özü tərəfindən imzalanmış qəbzləri iddiaçıya təqdim etmişdir. Cavabdeh həmin qəbzdə olan imzanın ona məxsus olduğunu etiraf etmiş, lakin iddiaçıdan qəbzdə qeyd edilən məbləğlərdən daha az məbləğə pul aldığını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh götürdüyü borc pulu tam olaraq Bank kartı vasitəsi ilə iddiaçıya ödədiyini bildirmişdir. Həmin Bank kartı ilə aparılmış məxaric əməliyyatlarına dair məlumatlarda iddiaçının yaşadığı Ağcabədi şəhərində yerləşən ATM-lərdən pulun çıxarıldığı təsdiq olunsa da, buna dair görüntülərdə məhz iddiaçının pul çıxardığı təsdiqini tapmamışdır. Cavabdehin bildirdiyi kimi iddiaçının oğlunun pul çıxarması belə, pulun iddiaçıya ödənildiyinin təsdiqi kimi qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, həmin pulun ümumi məbləğinin (5,955 manat) iddiaçı tərəfindən çıxarıldığı qəbul edilsə belə, qəbzlərdə cavabdeh tərəfindən şəxsən qeyd edilən 5,000 məbləğ, habelə 01.11.2019-cu il tarixdə cavabdehin hər ay 300 manat dəbbə ödəyəcəyi barədə öhdəlik (iddiaçının məhkəməyə müraciət etdiyi aya həmin dəbbə 21 ay x 300 = 6,300) nəzərə alınmaqla, borc 11,300 təşkil edir ki, bunun fərqi də, iddia tələbində qeyd edilən məbləğdən artıq məbləğ təşkil edir (11,300 – 5,955=5,345). Beləliklə, tərəflər arasında borc müqaviləsinin 5,000 manata dair bağlandığı cavabdeh tərəfindən imzalanmış qəbzlə təsdiq olunur ki, bu sübutu təkzib edə biləcək, habelə həmin məbləğin tam olaraq cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək mötəbər sübutlar müəyyən edilməmişdir. İddiaçının cavabdeh tərəfindən cəmi 1,000 manat ödənildiyini etiraf etməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi 61 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4,000 manat borc, habelə 61 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 4,061 (dörd min altmış bir) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar