Məhkəmə qərarları › İş №2(039)-126/2025

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-126/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-126/2025 30.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair işə 30 aprel 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğinin və iddia tələbi ilə bağlı banka ödədiyi 41 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödədiyi 320 manatın, cəmi 2361 (iki min üç yüz altmış bir) manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini müdafiə edərək izah etdi ki, o, Mutallimova Elmira uzun müddətdir Rusiya Federasiyasında yaşayır. Hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Oynaqlarında və onurğasında duz və ağrılar olduğu üçün ona bir müddət yay aylarını Azərbaycan Respublikasına gələrək burada keçirməyini tövsiyyə etmişlər. O da öz növbəsində həm övladları vəfat etdiyindən, həm də qohumlarını görmək üçün Azərbaycan Respublikasına gəlmişdir. Burada dayısı qızı X5 2023-cü ilin may ayında ünvan 1 ünvanında yerləşən evdəki öz otağını ona müvəqqəti yaşamaq üçün vermişdir. Digər qohumu Cavabdeh, yəni hazırki cavabdeh də anası və qızı ilə birlikdə onunla bir evdə qalırmış, lakin otaqları ayrı idi və onlar bir-birlərinin otaqlarına icazəsiz daxil olmurlarmış. İşə, bazara və yaxud harasa gedəndə o, qaldığı otağın qapısını açarla bağlayıb evdən çıxmışdır. O, Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən burada yaşadığı müddətdə ehtiyaclarına xərcləmək üçün 5500 rus rublu və digər əşyalarla birlikdə özü ilə 3000 evro məbləğində pul da gətirmişdir. O, müalicəsinin daha da yaxşı olması üçün isti havada alağa və digər kənd təsərrüfatı işlərinə getmişdir ki, oynaqlarında və onurğasında olan duzlar istidə tər vasitəsilə çıxsın, o, tez müalicə alıb qayıtsın Rusiya Federasiyasına. Çünki onun orada nəvəsi var və vaxtsız vəfat edən övladlarından biri orada dəfn olunmuşdur. O, 01 iyun 2023-cü il tarixdə 04:00 radələrində yuxudan durub həmişəki kimi qaldığı otağın qapısını açarla bağlayıbişləmək üçün evdən çıxmışdır. Həmin gün axşam saat təxminən 19.20 radələrində evə qayıdan zaman küçəyə gələndə Aytən və anası Minarə ona yaxınlaşaraq otağında olan əşyaların dağınıq olmasını və oğru girdiyini demişlər. Aytən özünün evdə olmasını deməsinə baxmayaraq evə girən oğrunu görmədiyini ona demişdir. O, isə evdə iki itin olduğunu və eyni zamanda Aytənin özünün evdə olduğu zaman evə necə oğru girə biləcəyini bildirmişdir. Eyni zamanda evə oğru giribsə məhz niyə tək onun otağından oğurluq olduğunu demişdir. Belə olan halda otağına girən adamın elə Aytənin özü olmasını bildirərək oğurlanmış pulunu qaytarmasını Aytəndən tələb etmişdir. Əks halda oğurluq barədə polisə şikayət edəcəyini bildirmişdir. Cavabdeh pulu oğurlamadığını bildirdiyi üçün o, Yevlax RPŞ-nə şikayət etmişdir. Cavabdeh əvvəl etiraf etməsə də, sonradan Polis Şöbəsində iltizam (qəbz)verərək 2000 manat pulu ona xx.xx.2024-cü il tarixində qaytaracağını bildirmişdir. 20 iyun 2024-cü il tarixli Qərarla toplanmış material üzrə cinayət hadisəsi olmaması əsas gətirilərək cinayət işinin başlanılması rədd edilmişdir və ona Cavabdeh pulunu almaq üçün ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən məlum olur ki, X4 41 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən Yevlax RPŞ-nin rəisinin adına verilən qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixədək 2000 manat pulu Elmira Mutallimovaya verəcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, X1 şəhər Vəkil Bürosunun hesabına 320 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə, Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.2-ci maddəsinə görə, Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.4-cü maddəsinə görə, Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.5-ci maddəsinə görə, Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə iş materiallarından məlum olur ki, cavabdeh X6 iddiaçıya 2000 manat verəcəyi barədə vəd vermişdir (əsas: iş materiallarında olan qəbz). Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Pulu da iddiaçıya qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat pul, vəkil xidməti üçün ödənilmiş 320 manat pul və 41 manat ödənilmiş dövlət rüsumu alınaraq X3 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 manat və vəkil xidməti üçün ödənilən 320 manat və 41 manat ödənilmiş dövlət rüsumu alınaraq X3 ödənilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar