Məhkəmə qərarları › İş №2(039)-1260/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1260/2023

09.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1260/2023 09.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «əmlakın ələ keçirilməsi ilə əlaqədar əsassız varlanma nəticəsində əldə edilmiş gəlirin dəyərinin qaytarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «əmlakın ələ keçirilməsi ilə əlaqədar əsassız varlanma nəticəsində əldə edilmiş gəlirin dəyərinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona aid olan yaşayış evinin sonradan anbar kimi qeydiyyata aldırmaqla əsassız varlanma nəticəsində bütün əmlakını ələ keçirdiyindən əldə edilənləri vermək mümkün olmadığından onların dəyərinin manat məbləğin cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxıb iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını, eləcə də İddiaçı onlara qarşı Yevlax Rayon Məhkəməsində «əmlakın ələ keçirilməsi ilə əlaqədar əsassız varlanma nəticəsində əldə edilmiş gəlirin dəyərinin qaytarılması» tələbinə dair iddia müddəti ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atasına məxsus olmuşdur. Həmin həyətdə atasının evindən aralıda, atasının sağlığında özü üçün fərdi yaşayış evi inşa etdirmişdir. Hazırda cavabdehlər çıxarışda həmin evi ambar kimi yazdırmışlar. Həmin evdə ailəsi ilə birlikdə yaşamışlar. Üç övladı da həmin evdə dünyaya gəlmişlər. 1997-ci ildə həmin evdən çıxmışdır. 2017-ci ildə evinə qayıtmaq istəyərkən onu cavabdehlər evə buraxmadılar. Həmin vaxtdan da müxtəlif iddialar qaldıraraq evinin geri qaytarılmasını tələb edir. Məhkəmələr iddiasını rədd etmişlər. Hazırda da həmin evə çəkdiyi xərci tələb edir. 2017-ci ildən hüququnu tələb etdiyindən iddia müddətini də ötürməmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, həmin evlə qonşuluqda yaşayır. Mübahisə gedən ev ambar olmayıb, fərdi yaşayış evi olmuşdur. Həmin evi Sərdar tikdirmişdir. Lakin 1997-ci ildən həmin evdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, həmin evi Sərdar inşa etdirmişdir. Evin tikintisində o da iştirak etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli 19 yanvar 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirilməsi MMC-nin 17 mart 2023-cü il tarixli ƏQ-266/2023 saylı rəyindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən anbarın real bazar dəyəri 15287 manat miqdarında qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən MV 018370 saylı vəsiqənin surətindən məlum olur ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(107)-2401/2018 saylı qətnaməsindən məlum olur ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 Mamed qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Yevlax Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli 2(039)- 144/2018 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh4 və Cavabdeh2 Mamed qızına qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 aprel 2019-ci il tarixli 2(102)-1979/2019 saylı qərarından məlum olur ki, iddiaçılar İddiaçı və X3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2(107)-2401/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. İddiaçı evə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və iddiası rədd edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin üzərində iki fərdi yaşayış evinin olmasını və həmin evin birinin hazırda çıxarışda anbar kimi qeyd edildiyini və həmin anbarın (evin) onun tərəfindən inşa edildiniyi bildirmişdir. Həmin evə çəkilmiş xərcin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin tətbiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 aprel 2019-ci il tarixli 2(102)- 1979/2019 saylı qərarında qeyd edilmişdir ki, iddiaçı uzun müddət 1990-cı illərdə mübahisəli yaşayış sahəsindən daimi olaraq çıxaraq bir daha geri qayıtmadığındanonun mübahisəli evdən istifadə hüququ qalmamışdır. Məhkəmə qeyd edir ki, sözügedən anbarın fərdi yaşayış evi olması və iddiaçı tərəfindən inşa edilməsinə və həmin tikilinin ona məxsus olmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, həmin anbar iddiaçı tərəfindən inşa edilmiş olsaydı belə, iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdən (anbardan) 1997-ci ildə çıxmışlar. Yəni hazırki iddia tələbi ilə iddia müddəti ötrülmüşdür. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «əmlakın ələ keçirilməsi ilə əlaqədar əsassız varlanma nəticəsində əldə edilmiş gəlirin dəyərinin qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən, Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası MM-nin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən, Ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən, Vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası MM-nin 374.1-ci maddəsinə əsasən, Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 374.2-ci maddəsinə əsasən, İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İş üzrə iddia müddəti tətbiq edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «əmlakın ələ keçirilməsi ilə əlaqədar əsassız varlanma nəticəsində əldə edilmiş gəlirin dəyərinin qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektorn Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektorn Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar