Məhkəmə qərarları › İş №2(039)-1291/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1291/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1291/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X7 oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7 oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdə müştərək qaydada 3000 manat pulun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ata və oğuldurlar. O, cavabdeh X3 torpaq sahəsi almaq məqsədilə 3000 manat pul vəsaiti vermiş və o da Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 1.94 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona sataraq (təhvil verərək) ondan 3000 manat pul almışdır. Aralarında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. 13 il torpaq sahəsini sərbəst və maneəsiz istifadə etmişdir. 2020-ci ildə isə Cavabdeh2 həmin torpaq sahəsini özü istifadə etməyə başlamışdır. Onların arasında narazılıq və söz-söhbət yaranmağa başlamış və bununla bağlı müxtəlif təşkilatlara şikayətlər etməyə başlamışdır. Yevlax rayon Polis Şöbəsində onun şikayəti əsasında araşdırma aparılarkən cavabdeh X5 həmin vaxt Rusiya Federasiyasında olduğu üçün onunla telefon əlaqəsi yaratmışlar və Elamin Əmiraslanov bildirmişdir ki, torpaq sahəsini satmasına peşman olmuşdur və ondan aldığı 3000 manatı qaytarmağa razıdır. Digər Cavabdeh2 da torpaq sahəsini qaytarmaq istəmədiyini, lakin 3000 manatı qaytarmağa razı olduğunu bildirmişdir. Hər iki cavabdeh sözdə 3000 manatı pulu qaytarmaq istədiklərini bildirsələr də, pulu ona qaytarmamışlar. O, 3000 manat verərək 1.94 ha torpaq sahəsini satın aldığını güman etdiyindən, həmin torpaq sahəsini artıq özününkü bilib, həmin sahənin münbitləşməsi, yüksək kateqoriyalı torpaq olması, o cümlədən daha məhsuldar olması üçün, orada xeyli abadlaşma işləri görmüş, bu məqsədlə xeyli pul vəsati xərcləmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Sevda Bəkirova iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, atası Elamin hazırda Ukrayna Respublikasında olduğu üçün məhkəmə prosesində iştirak edə bilmir. Atası ailələrinə məxsus torpaq sahəsini icarə hüququ əsasında iddiaçıya vermişdir. Atasının torpağı satmaq niyyəti olmamışdır. İddiaçı tərəfindən atasına verilən 3000 manat pul isə iddiaçının 13 il ərzində torpaqdan istifadə etməsi üçün olmuşdur. 13 il ərzində iddiaçı onlara məxsus torpaq sahəsini əkib-becərib və gəlir əldə edib. Bu səbəbdən iddiaçının tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində 1,9219 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X1, X2 və Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 54 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdeh Elamin Əmiraslanova 3000 manat pul verilmişdir. İddiaçı həmin pulu torpaq sahəsinin alqı-satqısı barədə razılıq əsasında verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçı 13 il ərzində cavabdehlərə məxsus torpaq sahəsini istifadə edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Məhkəmə hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 1092.1-ci maddəsinin dispozitiv şərtləri yoxdur. Belə ki, cavabdeh Elamin Əmiraslanov özünə məxsus torpaq sahəsini 3000 manat müqabilində 13 il müddətinə iddiaçının istifadəsinə verməklə əsassız varlanmış şəxs hesab edilə biməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X7 oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar