Məhkəmə qərarları › İş №2(039)-1301/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1301/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1301/2020 11.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Fanis qızının iştirakı ilə, İddiaçı Cavabdeh Fanis qızına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab” edilməsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Fanis qızına qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında AN-İ ******* saylı daşınmaz əmlakın alıq-satqı münqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X10 ona müraciət edərək mülkiyyətində olan Yevlax şəhəri Q.Quliyev küçəsi 3b, 4 saylı mənzili öz bacısı X5 üçün almaq istədiklərini bildirmişdir. Onlar mənzilin qiymətini aralarında 27000 manata razılaşdırmışlar. Həmin mənzil ipoteka ilə yüklü olduğundan və mənzilin ipotekadan çıxarılması üçün banka 11500 manat ödənilməli olduğundan aralarında belə razılıq olmuşdur ki, mənzilin dəyəri 270xx xxxxxxxx 11500 manat çıxılacaq. Həmin məbləği Lamiyənin keçmiş qaynanası X3 ödəyəcəkdir. Qalan 155xx xxxxxxxx 10500 manat X3 tərəfindən 1 il müddətinə, 5000 manat isə X10 tərəfindən ona ödəniləcəkdir. Ümumi razılığa gəldikdən sonra onun tərəfindən Zaur Əhmədovun adına xx.xx.2016-ci il tarixli etibarnamə verilmişdir. Evin qiyməti tamamilə ödəndikdən sonra alqı-satqı aparılması barədə razılıq olunmuşdur. Mənzil ipoteka ilə yüklü olduğu üçün alqı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. X8 çatası 5000 manat pulu mənimsəmək üçün X1 payına düşən 11500 manat pulu vaxtından tez banka ödətdirərək evin sənədlərini bankdan götürmüş, Bərdə Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusunun iştirakı ilə anası X2 adına köhnə bank sənədlərinin sürətini istifadə edərək 15000 manata alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən onun ailə üzvlərinin razılığı alınmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən notarius tərəfindən saxtakarlıq edilmişdir, onun ailə üzvlərinin razılığı alınmamış, notariat işinə əlavə edilmiş ailə üzvlərinin razılıq ərizələri isə alqı-satqı predmeti olan mənzilin ipoteka ilə yüklü edilməsi zamanı alınmışdır. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Fanis qızı izahat verərək bildirdi ki, iddiaçının mülkiyyətində olan mənzilin satılması ilə əlaqədar onlar arasında razılıq əldə olunmuşdur. Lakin mübahisəli mənzil ipoteka ilə yüklü olduğu üçün onun alqı-satqısı 2016-cı ildə baş tutmamışdır. İddiaçı, onun oğlu Zaur Əhmədova etibarnamə vermişdir. Oğlu iddiaçının banka olan 11 500 manat borcunu ödəmiş, evi ipoteka yüklülüyündən azad etdikdən sonra isə alqı-satqı müqaviləsi bağlanmışdır. Evin pulunun qalan 15500 manat hissəsi isə nağd şəklində iddiaçının özünə ödənilmişdir. İddiaçı 2017-ci ildən bu vaxta qədər ona və oğluna qarşı əsasız iddialar qaldıraq onların hüquqlarını pozmuşdur. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə regional Asan Xidmət Mərkəzinin xüsusi notariusu X4 məhkəməyə müraciət edərək, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, alqı-satqı müqaviləsinin predmeti olan, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 38B, 4 saylı mənzil iddiaçının xüsusi mülkiyyətində olmuş, iddiaçı X7 xx.xx.2016-cı il tarixli etibarnamə verərək ona, onun bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, o cümlədən satmaq səlahiyyətini vermişdir. Zaur Əhmədov iddiaçıya məxsus yaşayış evini iddiaçının adından xx xxxxxx 2017-ci il tarixdə ******* nömrəli alı-satqı müqaviləsinə əsasən hazırkı iş üzrə Cavabdeh satmışdır. Mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göstərilən Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edən iddiaçı tələbini onunla əsaslandırır ki,mənzil satılarkən ailə üzvlərinin razılığı alınmamışdır. Mülki işin materiallarında olan notariat kontoruna ünvanlanmış ərizələrdən görünür ki, iddiaçının ailə üzvləri iddiaçıya məxsus Yevlax şəhəri Q.Quliyev küçəsi ev 38B, 4 saylı mənzilin satılmasına etiraz etməmişlər. İddiaçı həmin razılıqların evin ipotekaya qoyulması barədə olduğunu iddia etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia digər tərəfdən ona görə rədd edilməlidir ki, iddiaçı mövcud iddia tələbi üzrə alqı-satqı müqaviləsinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən qanun normalrına əsasən məhkəmə hesab edir ki, əqdin etibarsız sayılmasına dair iddia tələbləri üzrə müddət şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçı alqı-satqı müqavilələrinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etməli idi. Başqa sözlə, iddiaçı alqı-satqı müqaviləsini istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirmək hüququna malik olmuşdur. İddiaçı isə məhkəmə iclasında izahatında alqı-satqı müqaviləsinin bağlandığından 2017-ci ildə xəbərdar olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh Fanis qızına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab” edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar