Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-132/2023 20.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yüz min manat məbləğinin və ödənilən 333 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, klassik dələduzluq cinayətin istintaq yolu ilə araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 23 yanvar 1997-ci il tarixində “Zaur” firmasını qeydiyyatdan keçirərək Yevlax şəhəri, Bakı-Qazax yolunun 273 kilometrliyində stasionar tipli yanacaq doldurma stansiyasını tikmişdir. Hazırki cavabdehlərdən biri Cavabdeh1 onun övladı olduğundan 2019-cu il tarixində Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən bu obyekti onun adına sənədləşdirmişdir. Bu barədə 170 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmiş, hüquq subyektində hazırki cavabdehin adı qeyd edilmişdir. O, Zaurun atası olmaqla bərabər qeyd olunan əmlakın həm qanuni təmsilçisi həmin əmlakı hazırki səviyyəyə çatdıran, tikən və idarə edən bir şəxs olmuşdur. Bu əmlaka bütün imkanlarını sərf etmişdir. Bütün vergi orqanlarında və banklarda onun adı və imzası ilə sənədləşdirilmə aparılıb. Mülkiyyət oğlu Cavabdeh1 adında ötəri olaraq gedib. Oğluna inanmış və etibar etmişdir. Onların yeddi nəfərdən ibarət olan əmlak və çek payları özəlləşdirməyə cəlb olunaraq hazırki yanacaq doldurma məntəqəsi oğlunun adına sənədləşdirilmişdir. Oğlu, hazırki cavabdeh 1996-cı ildən 2022-ci ilədək məntəqənin fəaliyyətindən heç bir xəbəri olmamışdır. O pis vərdişlərə qurşandığından azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə cəza çəkmişdir. O, 2005-ci ildə X3 ilə arzuolunmaz ailə həyatı qurmuşdur. Bütün bu müddət ərzində yanacaq doldurma stansiyasını fasiləli qaydada da olsa o işlətmişdir. 2022-ci ilin iyun ayında onlara məlum olmuşdur ki, Zaurun həyat yoldaşı Məhsəti, onun əmisi Qazıyev Elçin və Elçinin bacısının həyat yoldaşı Qasımov İlqar birgə cinayətkar qrup halında birləşərək dələduzluq yolu ilə guya “Zaur” firmasının sənədinin itməsini yalandan bəhanə etməklə polis şöbəsinə müraciət etmiş və rayon qəzetində elan dərc etdirməklə Əmlak məsələləri üzrə Dövlət Komitəsindən YDM-nin sənədinin elektron variantı üzrə surətini əldə etmişlər. Bütün bunlar Zaurun arvadı Məhsəti tərəfindən aparılmış, bundan sonra oğlu illər boyu əldə etdikləri yanacaq doldurma məntəqəsini arvadı Məhsəti Qazıyevin adına notarial qaydada rəsmiləşdirmişdir. Bundan sonra onun və ailəsinin vəsaiti ilə qurulmuş, tikilmiş əmlakı X4 Təhməzovla birlikdə iki yüz on min manata Bakı şəhərində yaşayan Elman adlı şəxsə satılmışdır. Bu əmlakın bütün sənədləri möhür və ştampı nizamnaməsi hər birinin əsli ondadır. Bu obyekti oğlu Cavabdeh1 adına özəlləşdirən zaman onun cəmi 19 yaşı vardı. Cəmi öz adına olan bir ədəd özəlləşdirmə çekini bu əmlakın üzərinə qoymuşdur. Onlar isə yeddi nəfər ailə üzvləri əmək haqqlarını, əldə etdikləri vəsaitləri bütün gəlir və qazancları çek payları daxil etməklə əmlakı özəlləşdirmiş və işlək vəziyyətinə gətirmişlər. Oğlu ona olan etibardan istifadə edərək arvadı Məhsəti Qazıyeva ilə birlikdə birləşərək faktiki olaraq onlara məxsus olan arayışı tamlığı ilə sataraq, bu işləri gizli edərək, əsassız varlanaraq, onların bu əmlak üzərində olan hüquqlarını pozaraq, əmlakı dəyərindən ucuz sataraq əsassız varlanma əldə etmişdir. O bunlarla razılaşmışdır ki, artıq etdiklərini ediblər. Həmin əmlakın satılmış dəyərinin yarısını onlara qaytarsın. Digəri isə onun halal xoşu olmasın. Digəri isə ona verilsin. O ümumi ailənin əmlakını tarmar edərək satmış, oğlu Cavabdeh1 və Məhsəti Qazıyevadan satılmış əmlakın yarısının yüz min manat məbləğinin ona və digər ailə üzvlərinə qaytarılmasını istəyir. Şəxs bu mülkiyyət üzərində əsassız olaraq varlanıb. Onun oğlu bütün ömrü boyu pis vərdişlərə düçar olmuş bir şəxs olub. Onun arvadının Məhsəti Qazıyevanın və onun ailə üzvlərinin birlikdə planı nəticəsində onun əmlakı bu şəkildə ələ keçirilib. O bu barədə Prokurorluğa müraciət etmişdir. Hazırki iddianın əsası pul tələbidir. Cavabdehlərdən ümumi ailənin faktiki əmlakı olan yanacaq doldurma məntəqəsini sataraq, iki yüz on min manat əldə edərək ailənin sarsıdaraq əsassız varlanmış bu şəxslərdən yüz min manat pulunu tələb edir. Bütün bunlar onların ailəsinin haqqıdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 izah etmişdir ki, obyektin alınmasında ona maddi cəhətdən bibisi oğlu köməklik etmişdir. Atasının obyekti işlətməsinə icazə vermiş və sənədləri də ona vermişdir. Alqı-satqı üçün sənədləri atasından istəyərkən atası qaytarmamış və məcbur olub qanuni şəkildə əldə etmişdir. Həmin obyekti həyat yoldaşı Məhsətiyə bağışlamışdır. Məhsəti obyekti 210000 manata notarial qaydada satmışdır. Həmin pulu həyat yoldaşı Məhsətinin müalicəsi üçün xərclənişdir. Həmçinin Bakı şəhərində ev almışdır. Həmin puldan halallıq üçün atası İddiaçı 30000 manat təklif etmişdir. Atası da həmin pulu qəbul etməkdən imtina etmişdir. Hazırda İddiaçı vermək üçün pulu yoxdur. Mülkiyyətçi olaraq qanun əsasında mülkiyyətində olan obyekti satmışdır. Atasının qarşısında hər hansı öhdəliyi yoxdur. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X5 izah etmişdir ki, həmin obyekt Cavabdeh1 məxsus olmuşdur. Cavabdeh1 həmin obyekti Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 mülkiyyətçi kimi özünə məxsus mülkiyyətdən istifadə etmək hüququ vardır. Mülkiyyətindən istifadə edərək, özünə məxsus obyekti satmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı 360 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli 04 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən qeyri-yaşayış binası Cavabdeh1 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 may 2019-cu il tarixli 1 saylı əmrdən məlum olur ki, İddiaçı 29 may 2019-cu il tarixdən “Zaur” firmasına direktor təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 noyabr 2004-cü il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən məlum olur ki, “Zaur” firması vergi uçotuna alınmışdır. İş materiallarında olan Elektorn Məhkəmə İnformasiya Sistemində çıxarışdan məlum olur ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən qeyri-yaşayış binasını Cavabdeh1 02 noyabr 2022-ci il tarixdə Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan elektron məhkəmə 04 avqust 2022-ci il tarixli AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən qeyri-yaşayış binasını Cavabdeh2 04 avqust 2022-ci il tarixdə X1. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat, **********75-06301 reyestr nömrəli 23 avqust 2022-ci il tarixli çıxarışdan məlum olur ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən qeyri-yaşayış binası X2 məxsusdur. Məhkəmə iclasında müəyyən edildi ki, Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən yanacaqdoldurma məntəqəsi ********** qeydiyyat nömrəli 04 sentyabr 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Cavabdeh1 məxsus olmuşdur. Yanacaq doldurma məntəqəsi “Zaur” firması vergi uçotuna alınmışdır. Həmin yanacaq doldurma məntəqəsini Cavabdeh1 bağışlama müqaviləsi əsasında həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 04 avqust 2022ci il tarixdə həmin yanacaq doldurma məntəqəsini X1. İddiaçı həmin yanacaq doldurma məntəqəsinin onun və ailə üzvlərinin vəsaiti hesabına əldə olunmasını bildirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yüz min manat məbləğinin və ödənilən 333 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlərin əməlində cinayət əlamətləri olduğundan xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 sözügedən əmlakın mülkiyyətçisi olmuşdur. Dövlət qeydiyyatından keçməklə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Mülkiyyətçi olaraq həmin əmlakı bağışlamaq hüququ olmuşdur. Həmçinin Cavabdeh2 ona əmlak bağışlanandan sonra mülkiyyətçi olaraq həmin əmlakı satmaq hüququ olmuşdur. İddiaçı həmin əmlakın ona və digər şəxslərə (ailə üzvlərinə) məxsus olmasını bildirsə də buna dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. Hal-hazırda həmin çıxarış və alqı-satqı müqaviləsi qüvvədədir və mübahisələndirilməyib. Məhkəmə xüsusi qərardadın çıxarılması ilə bağlı qeyd edir ki, cavabdeh özünə məxsus əmlakın satmışdır. Xüsusi qərarın çıxarılması üçün əsas yoxdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektorn Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektorn Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-132/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-132/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver