Məhkəmə qərarları › İş №2(039)-1340/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1340/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1340/2020 10.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015A000023752 saylı kredit müqaviləsi üzrə 1396,62 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 015A000023752 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,75% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2 bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2016-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vasaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3603,38 manat ödəniş etmiş və onun iddiaçıya 1396,62 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh2 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün zamin Bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini və hər ay borcundan 100 manat ödəniş etdiyini bildirərək, məhkəmədən qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək məhkəmədən ona münasibətdə iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 015A000023752 №li kredit müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh1 faiz dərəcəsi 2,75 % olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 015A000023752 №li kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2014-cü il tarixdə 015A000023752(A) №li zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə bağladığı 015A000023752 №li kredit razılaşması üzrə 1396,62 manat məbləğində əsas borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini xx.xx.2014-cü il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka 1396,62 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb Cavabdeh1 1396,62 manat borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Digər cavabdeh(zamin) Cavabdeh2la bağlı məhkəmə aşağıdakıları qeyd edir. xx.xx.2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Zaminliyə xitam verildiyindən Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 kredit borcu üzrə 1396,62 manat və dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar