Məhkəmə qərarları › İş №2(039)-1342/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1342/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1342/2021 16.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 26.03.2019-cu il tarixli müqavilə üzrə 183 manat ödənilməmiş hissə, 18 manat cərimə, 26.03.2019-cu il tarixli müqavilə üzrə 408 manat ödənilməmiş hissə, 40 manat cərimə və 14.05.2019-cu il tarixli müqavilə üzrə 250 manat ödənilməmiş hissə, 25 manat cərimə ümumilikdə 924 manat borc və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 26.03.2019-cu il və 14.05.2019-cu il tarixli müqavilələrə əsasən cavabdehsən matras və iki ədəd mobil telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 924 manat borcu yaranmışdır. Müqavilələr üzrə cavabdehin cəmi ödədiyi məbləğ 1482 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 26.03.2019-ci il tarixli, 00583877 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə dəyəri matras satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın-529 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 26.03.2019-cu il tarixli, 00583827 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Samsung Galaxy A7 markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın-942 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 14.05.2019-cu il tarixli, 00662083 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Samsung Galaxy A50 markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın-852 manatın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş 12 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alğı-satqı qiyməti 529 manat olan matras üçün ümumilikdə 201 manat olmaqla, 183 manat ödənilməmiş hissə və 18 manat cərimə borcu, alğı-satqı qiyməti 942 manat olan Samsung Galaxy A7 markalı telefonu üçün ümumilikdə 448 manat olmaqla, 408 manat ödənilməmiş hissə və 40 manat cərimə borcu və alğı-satqı qiyməti 852 manat olan Samsung Galaxy A50 markalı telefonu üçün ümumilikdə 275 manat olmaqla, 250 manat ödənilməmiş hissə və 25 manat cərimə borcu olmaqla, cəmi 924 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 924 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 924 manat məbləğində borc cavabdeh Bayramova Vətən Əli qızından alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 924 (doqquz yüz iyirmi dörd) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar