Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1359/2020 19.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona borclu olduğu 10.700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır ) İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müəllimədir. Cavabdeh isə həkimdir. Onlar hər ikisi ziyalı olduqlarından tanış olmuş və səmimi münasibətləri yaranmışdır. İddiaçı müəllim olmaqla yanaşı həm də alver edir, cavabdehə həmişə xeyli sayda və miqdarda mal satmış və aralarında etibar yaranmışdır. Cavabdeh müxtəlif vaxtlarda qəbz yazıb imza etməklə ondan 15.100 manat borc pul almışdır. İlk əvvəllər cavabdeh borcunu nağd şəkildə qaytaracağına söz versə də, daha sonra Bakı şəhərində yerləşən evini ona satmaq istədiyini və bunun müqabilində borcu əvəzləşdirəcəyini bildirmişdir. Cavabdehin ailə üzvləri evin satılmasına razılıq verməmişdir və o, cavabdehdən borcunun qaytarılmasını tələb etdikdə cavabdeh müxtəlif bəhanərlə borcun qaytarılmasından imtina etmişdir. Cavabdehin pensiya kartı bir müddət onda olduğundan, pensiya kartından 4.400 manat pul çıxarmışdır və bunu nəzərə alıb 10.700 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçıdan faiz ödəmək şərtilə cəmi 2500 manat pul alıb və pensiya kartını girov kimi iddiaçıya veribdir. İddiaçı 2017-2019-cu illərdə onun pensiya kartından hər ay pul çıxarıb, bundan əlavə o, özünə məxsus qızıl əşyalarını və iki ədəd tikiş maşınını da iddiaçıya girov qoyub və əlavə olaraq 2019-cu ildə iddiaçıya 5000 manat verib. Hazırda onun iddiaçıya borcu yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində verilmiş qəbzlərindən görünür ki, iddiaçı cavabdehə cəmi 15.100(3000+3500+1500+600+1500+5000) manat pul vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/787 saylı rəyindən görünür ki, xx.xx.2017ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli borc qəbzlərində Cavabdeh adından olan imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlardan göründüyü kimi 10.700 manatı cavabdehdən tələb edən iddiaçı ilk olaraq həmin məbləği cavabdehə verdiyini sübut etməli və bu zaman məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməli, məhkəməyə təqdim edilməmiş faktları isə nəzərə almamalıdır. İddiaçı cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzləri məhkəməyə təqdim etmişdir. Cavabdeh iddiaçıdan aldığı borcun 2500 manat olmasını və bu borcun onun tərəfindən qaytarılmasını sübut edə bilmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilmir. Cavabdehin təşəbbüsü ilə məhkəmə tərəfindən şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, cavabdehi xalası Aynurə vasitəsilə tanıyır. Xalası Aynurə həm də iddiaçının qonşusudur. Xalası Aynurə, o və Sehrigül 2019-cu ilin iyun ayında Cavabdeh evinə getmiş və Cavabdeh İddiaçı pul vermişdir. Həmin pulun məbləğini bilməsə də, aralarında borc münasibətləri olduğunu bilmişdir. T.Həsənzadənin şahid kimi ifadəsinin qiymətləndirən məhkəmə qeyd edir ki, şahidin ifadəsi cavabdehin etirazının əsaslılığını sübut etmək üçün faydalı sübut deyil. Çünki şahid məhkəməyə mübahisələndirilən borc məbləğinin mövcudluğu, qaytarılmış borcun məbləği barədə hər hansı məlumat verməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10.700 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə və 127 manat ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10700 ( on min yeddi yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1359/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1359/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver