Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1359/2024 22.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 270 manat pulun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 300 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-də ticarətlə məşğuldur. Cavabdeh onun müştərisi olmuş və ona mütamadi olaraq ondan nağd və nisyə mallar almışdır. Cavabdehin ondan nisyə aldığı mallara görə ona 270 manat borcu vardır. Həmin məbləğ cavabdehin onun mağazasından cehizlik mallar almasından yaranmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh ona olan borcunu qaytarmır. Lakin cavabdehin ona 270 manat pul borcu olmasına dair mağazanın kitabında qeydlər vardır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı məxsus mağazada tikiş ustaşı işləyir, həmin mağazada əsasən cehizlik malları pərdə, parça və s. satılır. Cavabdeh həmin mağazadan bir neçə dəfə cehizlik malları almış, pulunu isə hissə hissə gətirib ödəmiş, lakin tam ödənişi bitirmədiyindən onun İddiaçı 270 manat qalıq borcu yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun qaynanasıdır, o, özüdə həmin mağazada işləyir, Cavabdeh 2022-ci ilin iyun ayının 25-də tükana gələrək onlardan 520 manat dəyərində cehizlik malları almış, bir ay sonradan bacısı ilə gələrək əlavə 160 manat dəyərində mal alaraq 20 manat ödəniş etmiş, Cavabdeh sonuncu dəfə 2023-cü ilin noyabr ayının 05-də 40 manat ödəmiş, yekunda 270 manat borcu qalmış, həmin məbləği isə bu günədək ödəməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh göstərilən ünvanında yaşayır, məhkəmə bildirişi şəxsin bacısı X1 verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 270 manat məbləğində pul vermiş, Cavabdeh 270 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçı qarşısında hər hansı öhdəliklərinin olmaması və ya öhdəliklərini icra etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 270 manat məbləğində pul tutulmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 270 (iki yüz yetmiş) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1359/2024
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1359/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver