Məhkəmə qərarları › İş №2(039)-1363/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1363/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1363/2021 10.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6000 manat pulun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onunla həmkəndlidir. Cavabdeh 22 iyun 2015-ci il tarixdə ondan 6000 manat pul alaraq əvəzində 1,37 ha torpağını və evini ona vermişdir. Lakin cavabdeh ondan pulu alsa da, hazırda evi və torpağı ona verməkdən imtina edir. Cavabdehin ondan 6000 manat pul alması, cavabdehin öz xətti ilə yazıb imzaladığı qəbzlə də təsdiq olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, onun 3000 manat aliment borcu yarandığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə prosesi zamanı iddiaçı onun qohumu olduğu üçün 3000 manat aliment borcunu onun əvəzindən tələbkara ödəmişdir. O da bunun müqabilində özünün və qardaşı Mübarizin mülkiyyətində olan torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. 2015-ci ildən etibarən həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzdə yazılanlar həqiqətə uyğun deyil. Belə ki, həmin qəbzi şahid kimi imzalayan şəxslər də təsdiq edə bilərlər ki, o həmin tarixdə iddiaçıdan 6000 manat pul almamışdır. İddiaçı aliment borcunun əvəzi olaraq onun adından 3000 manat pul vermiş və bunun əvəzində 6 ildir onun torpaq sahəsini əkib becərib gəlir əldə edir. Bu səbəbdən iddiaçının tələbi əsassızdır və təmin olunmamalıdır. Bundan sonra iddiaçı çıxış edərək bildirmişdir ki, 22 iyun 2015-ci il tarixdə o, həqiqətən də cavabdehə 6000 manat pul verməmişdir, amma cavabdehin də dediyi kimi 3000 manat aliment borcunu cavabdehin əvəzindən ödəmiş və cavabdehə müxtəlif vaxtlarda əlavə olaraq 3000 manata yaxın pul vermişdir. Bu səbəbdən o, cavabdehə həmin qəbzi yazdırmışdır. Cavabdeh isə söz verdiyi kimi torpaq sahəsini və yararsız vəziyyətdə olan evini ona verməkdən imtina edir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş JN-0027A KOD 90109038 kodlu “torpağın mülkiyyət hüququna”na dair dövlət aktından müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 09.04.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Yevlax rayonu Duzdağ kəndində yerləşən 1,37 ha kənd təsərrüfatı torpaq sahəsi Cavabdeh və onun qardaşı Mübariz Məmmədovun ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işin materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan evi və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini digər mülkiyyətçinn razılığı olmadan iddiaçıya “verməsi” barədə sonuncu ilə razılığa gəlmiş və bu barədə sadə yazılı formada sənəd imzalamışdır. İşin mübahisəsiz halı kimi həm də müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə aliment öhdəliklərinin icrası üçün 3000 manat pul verilmiş və iddiaçı 6 il ərzində cavabdehə məxsus torpaq sahəsini istifadə etmişdir. İddiaçı, bundan əlavə müxtəlif vaxtlarda cavabdehə əlavə olaraq da 3000 manat pul verdiyini bildirərək, bununla bağlı məhkəməyə cavabdeh tərəfindən imzalanmış qəbz təqdim etsə də, iddiaçı özü məhkəmə iclasında, qəbz yazılan tarixdə cavabdehə 6000 manat pul vermədiyini bildirmişdir. Eyni zamanda iddiaçı həmin pulu torpaq sahəsinin və evin alğı-satqısı barədə razılıq əsasında cavabdehə verildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən torpaq sahəsinin və evin) alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Məhkəmə hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 1092.1-ci maddəsinin dispozitiv şərtləri yoxdur. Belə ki, Cavabdeh özünə məxsus torpaq sahəsini 3000 manat müqabilində 6 il müddətinə iddiaçının istifadəsinə verməklə əsassız varlanmış şəxs hesab edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar