Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1364/2021 10.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin kredit borcuna görə zamin kimi ödədiyi 6294 manat borcun, banka ödədiyi 30 manat xidmət haqqının və dövlət rüsumuna görə ödədiyi 30 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iş yoldaşı olmuşdur. Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə birlikdə işləmişlər. O, həmin hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləyir. 2-ci Qarabağ müharibəsində iştirak edərək yaralanmış və uzun müddətdir ki, xəstəxanada müalicə olunur. Müharibədə iştiraka görə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdır. Cavabdeh isə onunla qeyd edilən hərbi hissədə bir müddət işlədikdən sonra işdən çıxmışdır. İşlədiyi müddətdə cavabdeh ona bildirmişdir ki, uşağı ağır xəstədir, onun müalicəsi üçün pul lazımdır. Əlində pulu olmadığına görə məcburdur ki, bankdan kredit götürsün. Krediti götürmək üçün ona zamin olmağını xahiş etmişdir. cavabdeh onu inandırmışdır ki, işlədiyinə görə heç bir problem yaranmayacaq, vaxtlı-vaxtında kredit ödəniləcək. İş yoldaşı kimi ona inanaraq kredit götürməsi üçün zaminliyə razı olmuşdur. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29.09.2017-ci il tarixli, 1001-29.00.201 7-SM0160 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə Cavabdeh 6500 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin lazımı qaydada icrasını təmin etmək məqsədilə onunla Bank arasında 29.09.2017-ci il tarixli, 1001-29.09.2017-SM0160 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin olaraq o və borclu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşımışdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyinə görə o, zamin olaraq həmin borcu özü ödəmişdir. Belə ki, hər ay əmək haqqından tutmalar aparılmış və sonuncu dəfə 626 manat qalan borcu ödəyərək cavabdehin kredit borcunu tamamilə bağlamışdır. Cavabdeh borcu ödəmədiyindən o, bankın hesabına 6294 manat ödəniş etmişdir. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də, lo, borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınmış, hətta ona hədə-qorxu belə gəlmişdir. Hazırda kirayədə yaşayır və maddi vəziyyəti heç də yaxşı deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, mülki işin materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə "xxxx" ASC-nin Xətai filialı arasında 6500 manata dair bağlanmış 29.09.2017-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı cavabdehin öhdəliklərinə görə bankla elə həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən 06.08.2021-ci il tarixdə verilmiş 513 saylı arayışdan görünür ki, Cavabdeh, ona ayrılmış 6500 manat kredit üzrə bank qarşısında öhdəliyini tam olaraq yerinə yetirə bilmədiyi üçün bu kreditə zamin olan İddiaçı əmək haqqı hesabından müxtəlif tarixlərdə 5669,70 manat tutulma olmuşdur. 20.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xeyrinə kredit ödəməsi üzrə 620 manat pul ödəmişdir. 25.05.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən bank sənədlərinin surətinin verilməsi üçün xidmət haqqı olaraq, cəmi 30 manat(10+10+10) pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı 29.09.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirərək cavabdehin kredit müqaviləsi üzrə banka olan 6294 manat borcunu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur və buna görə də iddia təmin təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bank xidmətləri üçün ödənilmiş 30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6294 (altı min iki yüz doxsan dörd) manat, bank xidmətinə görə ödənilmiş 30 (otuz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1364/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1364/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver