Məhkəmə qərarları › İş №2(039)-1371/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1371/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1371/2021 11.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 8889,50 manat əsas borc, 1519,67 manat faiz borcu olmaqla, cəmi 10409,17 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə Bank arasında bağlanmış 22.07.2020-ci il tarixli, RGTK2471626A103 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz dərəcəsi ilə, 48 ay müddətinə 8889,50 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin 19.05.2021-ci il tarixə 8889,50 manat əsas, 1519,67 manat faiz borcu olmaqla, cəmi 10409,17 manat borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi Elsevər Əkbərov ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 22.07.2020-ci il tarixli, RGTK2471626A103 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 faiz dərəcəsi ilə, 48 ay müddətinə 8889,50 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Bank tərəfindən verilmiş 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 19.05.2021-ci il tarixə 8889,50 manat əsas, 1519,67 manat faiz borcu olmaqla, cəmi 10409,17 manat borcu yaranmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin Banka olan 8889,50 manat əsas borcu və 1519,67 manat faiz borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8889,50 manat əsas borc, 1519,67 manat faiz borcu olmaqla, cəmi 10409 (on min dörd yüz doqquz) manat 17 (on yeddi) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar