Məhkəmə qərarları › İş №2(039)-1387/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1387/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1387/2021 31.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər X3 və Məmmədova (Əhmədova) Aynur Tofiq qızının iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 85,60 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Yevlax rayonu Cırdaxan kəndində öz həyətində kiçik bir ərzaq dükanı vardır. Orada kənd camaatına nağd və ya nisyə şəkildə ərzaq məhsulları satır, bununla da ailəsinin dolandırırır. Cavabdehlər əvvəllər də ondan nisyə məhsullar alıb pulunu qaytarmamışırdırlar. Sonra onlardan çox çətinliklə pulunu almış və bir daha onlara mal satmamağa qərar vermişdir. Sonra Cavabdeh2 gəlib ondan xahiş etmişdir ki, onlara da nisyə mal satsın. Bildirmişdir ki, evləri dükandan uzaq olduğu üçün oğlu Elcanı göndərəcək ki, ona mal versin, malın pulunu isə sonra ödəyəcək. Beləliklə, 2021-ci ilin yanvar, fevral və mart aylarında müxtəlif vaxtlarda cavabdehlərin oğlu Elcan dükana gələrək onu atasının və ya anasının göndərdiyini, müxtəlif malların nisyə olaraq ona verilməsini xahiş etmişdir. O da hər dəfə ona müxtəlif ərzaq məhsullarını nisyə olaraq vermişdir. Artıq borc 85,60 manat olduqda cavabdehlərdən pulunu tələb etmişdir. Lakin cavabdehlər hər ikisi pulu verməkdən imtina etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər X5 və Məmmədova (Əhmədova) Aynur Tofiq qızı izahatlarında bildirmişdirlər ki, iddiaçı onların xəbəri olmadan 85,60 manat dəyərində malı nisyə olaraq oğulları Elcana satıb. Bu səbəbdən iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdirlər. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 iddiaçının qızı olduğunu, hərdən anasına məxsus mağazada satıcı kimi işlədiyini və müxtəlif vaxtlarda Elcanın mağazadan kolbasa, sosiska, çips, müxtəəlif meyvə şirələri və sair mallar aldığını, pulunu isə sonra verəcəyini bildirdiyini bildirmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X9 iddiaçının əri olduğunu bildirmiş və şahid Pakizə Qocayevanın ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cavabdehlərin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X8 müxtəlif vaxtlarda iddiaçıya məxsus mağazadan çörək, kolbasa, çips və müxtəlif növdə spirtsiz içkilər aldığını, lakin mağazaya borcunun 1-2 manat olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə baxışında iddiaçının təqdim etdiyi və mağazadan alınan malların siyahısını özündə əks etdirən “dəftərdən” və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından məlum olmuşdur ki, iddiaçı ümumi dəyəri 85,60 manat təşkil edən ərzaq məhsullarını cavabdehlərin oğlu X1. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X8 07.05.2008-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 29-cu maddəsinə əsasən 7 yaşından 14 yaşınadək olan şəxslərin xırda məişət əqdlərini müstəqil bağlamaq ixtiyarı vardır.(maddə 29.2.1). 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər.(maddə 29.3). Həmin Məcəllənin 567-ci maddələrinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları Elcan Məmmədli iddiaçı ilə şifahi formada nisyə alğı-satqı müqaviləsi bağlayaraq iddiaçıdan ümumi dəyəri 85,60 manat olan ərzaq məhsulları almışdır. Cavabdehlər iddiaçı qarşısında hər hansı öhdəliklərinin olmaması və ya öhdəliklərini icra etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdirlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən X2 və Məmmədova (Əhmədova) Aynur Tofiq qızından İddiaçı xeyrinə 85,60 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər X2 və Məmmədova (Əhmədova) Aynur Tofiq qızından 85 (səksən beş) manat 60 (altmış) qəpik məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar