Məhkəmə qərarları › İş №2(039)-144/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-144/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-144/2024 13.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun və 50 manat ödənilmiş dövlət rüsmunun alınıb ona verilməsi qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona yaxın qohumu olduğu üçün cavabdehə 3000 manat borc pul vermişdir. Cavabdeh həmin pulu qısa vaxt ərzində ödəyəcəyini bildirmişdir. Ancaq müəyyən müddət keçsə də dəfələrlə müraciət etsə də onun borcunu qaytarmaqdan yayınmışdır. Onunla çoxsaylı telefon danışıqları vardır. Sonuncu dəfə cavabdeh ona həqiqətən 3000 manat borc pul aldığını və qaytaracağını bildirmişdir. Həmin audio diskə cavabdeh borcunu tamamilə etiraf etmişdir. Bu səbəbdəndə o, həmin etirafa inanmış və bunu gözləmişdir. Ancaq qaynı olan cavabdeh nə borcunu qaytarır, nə də onu aldatmaqdan yayınmır. Məcbur qalaraq məhkəməyə müraciət etmiş və cavabdehdən 3000 manat məbləğində borcunu, habelə ödədiyi 50 manat dövlət rüsumunun ondan alınmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş və məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, o, 2020-ci ildə Bankdan 3000 manat kreditə pul götürmüş, həmin puldan 500 manatını özünə götürmüş və qalan 2500 manat pulu isə Cavabdeh vermiş, cavabdeh həmin puldan 450 manatını ona geri qaytarmışdır. Cavabdehin bank kartından hər hansı bir məbləğdə pul çıxarmamış, hazırda Zahidin ona 2050 manat borcu olduğunu bildirərək məhkəmədən iddianın həmin hisədə təmin olunmasını xahiş etmişdir.(müvafiq ərizə təqdim edir). Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan 2019-cu ilin iyun ayında 540 manat, oktyabr ayında isə 700 manat, 2020-ci ilin fevral ayında isə 800 manat olmaqla cəmi 2040 manat borc pul götürmüş, özünə məxsus bank kartını iddiaçıya vermiş və iddiaçıda həmin kartdan hər ay 100-130 manat pul çıxarmış və nəticədə bütün pulu iddiaçıya qaytarmışdır. Müvafiq bank görüntülərinin götürülməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2023/111/14221 №li məktubdan görünür ki, qərarda sorğu olunan görüntülər bankdaxili sistemində mövcud deyildir. Yevlax rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-117/2-22203/2023 saylı məktubuna əlavə olunmuş izahat və ərizələrin surətlərindən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə də vermiş olduğu izahatından tərəflər polis şöbəsinə bir birinə qarşı ərizələr vermiş, İddiaçı xx.xx.2023-cü il tarixli izahatında və ərizəsində qaynı Cavabdeh mobil telefonla zəng edərək ona söyüb təhqir etməsini, Cavabdeh isə 150 manat pul borcu olduğu üçün İddiaçı zəng edərkən sonuncunun onu söyüb təhqir etməsini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə ümumilikdə 2500 manat məbləğində borc pul verdiyini, sonuncun həmin puldan 450 manatını qaytardığını bildirmiş, cavabdeh isə iddiaçıdan 2040 manat borc götürdüyünü həmin pulun hamısını qaytardığını bildirmişdir. İddiaçı cavabdehə məhz 2500 manat məbləğində pul verməsini, cavabdeh isə iddiaçıya borcunu qaytarmasını təsdiqləyən sübutü məhkəməyə təqdim edə bilməmişlər. Lakin cavabdehin iddiaçıdan 2040 manat pul alması onun özünün etirafı, həmin puldan 450 manatının ödənilməsi isə iddiaçının ərizəsi ilə təsdiq olunur. Beləliklə müəyyən olunur ki, Cavabdeh 1590 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1590 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 39.90 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1590 (bir min beş doxsan) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat 90 (doxan) qəpik İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar