Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1448/2021 19.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Nəsirova Leyla Heydər qızının katibliyi İddiaçı və vəkili X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2850 manat məbləğində pulu və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, hazırkı cavabdeh onun həmkəndlisi olmaqla 2019-cu ilin noyabr ayında yaşadığı evə gəlmiş və anası Ceyran Hüseynovanın gözünün əməliyyatı ilə bağlı ona pul lazım olduğunu bildirmişdir. Bu səbəbdən də 3000 manat məbləğində ondan pul istəyərək yaxın günlərdə Türkiyədə yaşayan xalası oğlundan 3000 manat pul alıb qaytaracağını bildirmişdir. Həmin məbləğdən onun təkid və iradından sonra 750 manatını qaytarmışdır. Bundan sonra 2020ci ilin avqust ayında 1000 manat məbləğində bir baş inəyini ondan nisyə almışdır. Həmin 1000 manat məbləğində inəyin dəyərindən 400 manatını qaytarmışdır. 600 manatını isə qaytarmamışdır. Sonuncu dəfə 28 may 2021-ci il tarixində tərəfindən Cavabdehla telefon danışıqları etmişdir. Şəxs pulunu qaytarmadığından onu Yevlax rayon Polis Şöbəsinə vermək məcburiyyətində qalmışdır. Bu barədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyun 2021-ci il tarixli qərar vardır. Həmin qərarda Cavabdeh ifadə vermiş, onunla 2019-cu il tarixində xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Həmin il anası Ceyran Hüseynovanın əməliyyatı üçün 1000 manat məbləğində pul aldığını, sonra isə əlində maya kimi istifadə etmək üçün 1000 manat məbləğində pul aldığını rəsmən etiraf etmişdir. Eləcə də 2020-ci ilin oktyabr-noyabr ayında 1000 manat, həmçinin ondan 800 manat məbləğində bir baş inək satın aldığını rəsmən etiraf edib. Həmin etirafında guya bu pulu qaytardığını bildirib. Göründüyü kimi onun qeyd etdiyi 3000 manat məbləğində pul, o cümlədən 1000 manat dəyərində olan inəyi dolayı olaraq etiraf edilir. Qeyd olunan etiraf rəsmi sənədlərdə öz əksini tapmışdır. Bu gün şəxsin ona 2850 manat borcu qalmışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X2 iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər həmkəndlidilər. Cavabdeh iddiaçıdan cəmi 2000 manat pul almışdır. Həmçinin 850 manat dəyərində bir baş mal da nisyə almışdır. Hazırda cavabdeh 2000 manat pulun alınmasını etiraf edir və qaytardığını bildirir. Həmçinin malı nisyə yox nağd pula aldığını bildirir. Bu isə həqiqəti əks etdirmir. Belə ki, pul ödənilsəydi iddiaçı nə Yevlax RPŞ-nə, nə də məhkəməyə müraciət etməzdir. Cavabdeh məhkəmə iclasında izah etdi ki, İddiaçıla 2019-cu ildə xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşlar. Həmin ilin noyabr ayında anası xəstə olduğu üçün Elmandan anasının müalicəsi üçün 1000 manat borc almışdır. Həmçinin həmin ərəfədə əlində maya kimi istifadə etmək üçün əlavə 1000 manat sələmə pul almışdır. Həmin pulları artıqlaması ilə Elmana qaytarmışdır. Bir baş inəyi isə Elmandan nağd pula almışdır. Onun Elmana 2000 manat borcu olub. Həmin borcu da qaytarmışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin TB-nin 09 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki, İddiaçı müraciəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 2000 manat borc pul vermişdir. Həmçinin nisyə 850 manat dəyərində bir baş mal vermişdir. Cavabdeh iddiaçıdan borc pul və 850 manat dəyərində nisyə mal alsa da, borcunu qaytara bilməmişdir. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh pulun və malın alınmasını etiraf edir. Həmçinin cavabdeh pulu faizə verilməsini və borcun qaytarılmasını və malın nağd pula aldığını bildirsə də buna dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2850 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2850 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1448/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1448/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver