Məhkəmə qərarları › İş №2(039)-145/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-145/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-145/2024 14.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş 81953,50 manat məbləğində maddi ziyanın cavabdehlər tərəfindən tutularaq ona verilməsinə dair qətnamə çıxarılması xahiş etmiş, sonradan iddianın həcminin artırılmasına dair ərizəsində iddia tələbindən əlavə cavabdehlərdən iddia ərizəsi üçün ödədiyi 336 manat dövlət rüsumunun da alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, adlarını qeyd etdiyi cavabdehlər onun əmlakını talamışdır. Ona külli miqdarda ziyan vurmuş və bunun nəticəsində o, ciddi ziyan çəkmişdir. Çox çətinliklədə olsa cinayətkarların ifşa olunmasına nail olmuşdur. Cavabdeh1 və bacısı Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun yaşadığı evin həyətində olan sandıqda və evin otağındakı şüşəli dolabda saxladığı ona məxsus 38.000 manat nəğd pulu, 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-nə qədər olan müddətdə 1 ABŞ dollarının ekvivalenti ilə 7735 manat dəyərində 4550 ABŞ dollarını, 2022-ci ilin fevral ayının əvvəllərində 1 RUS rubulunun ekvivalenti ilə 340 manat 50 qəpik dəyərində 15.000 rus rubulunu və 25430 manat dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə oğurlamaq qərarına gələrək bu niyyətini həyata keçirmək məqsədilə 2021-ci ilin oktyabr ayının 10-dan aprel ayının 18-dək olan müddətdə, yəni 2021-ci ilin oktyabr ayının 10-da günorta saatlarında, 2021-ci ilin oktyabr ayının axırlarında günorta saatlarında, 2021-ci ilin noyabr ayının ortalarında günorta saatlarında, 2021-ci ilin dekabr ayının axırlarında günorta saatlarında, 2022-ci ilin yanvar ayının ortalarında günorta saatlarında, 2022-ci ilin fevral ayının əvvəllərində günorta saatlarında, 2022-ci ilin mart ayının əvvəllərində Yevlax rayonu, Nərimanabad kəndində onun yaşadığı fərdi yaşayış evinin həyətində digər ev əşyaları içərisində saxladığı qabıq hissəsi metaldan olan, qapaq hissəsi qıfıl ilə bağlanmış saxlanc yeri olan sandığın qıfılını istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi açar ilə açmaq yolu sandıqda olan ona məxsus 38.000 manat nəğd pulu, 2021-ci ilin oktyabr ayının 10-dan 2022-ci ilin aprel ayının 18-ə qədər olan müddətdə 1 ABŞ dollarının ekvivalenti ilə 7735 manat dəyərində 4550 ABŞ dollarını, 2022-ci ilin fevral ayının əvvəllərində 1 RUS rublunun ekvivalenti ilə 340 manat 50 qəpik dəyərində 15.000 rus rubulunu, 583 əyardan olan 4000 manat dəyərində ağ və bənövşəyi qaşları olan brilyant sırğa-üzük dəstini, 583 əyyardan olan 3000 manat dəyərində yaşıl brilyant sırğa-üzük dəstini, 583 əyyardan olan 4080 manat dəyərində 48,08 qram olmaqla 55 sm uzunluğunda 0,8 sm enində bir ədəd qızıl boyunbağını, 583 əyyardan olan 1050 manat dəyərində 12,39 qram olan üzərində kitab şəkli olan bir ədəd qızıl klonu, 583 əyyardan olan 600 manat dəyərində ağ qaşlı qızıl sırğa və üzük dəsti, 583 əyyardan olan 1000 manat dəyərində «7 gözəl adlanan« sadə qaşlı qızıl sırğa-üzük dəstini, 583 əyyardan olan bir ədəd 500 manat dəyərində paxlava formasında qızıl üzüyü, 583 əyyardan olan bir ədəd 500 manat əqrəb formasında qızıl klonu, 583 əyyardan olan 400 manat dəyərində bir cüt sadə qaşlı qızıl sırğanı, əyyarı müəyyən edilməyən ümumilikdə 500 manat dəyərinddə hər biri 1 qramdan olan 10 ədəd qızıl dişləri, 583 əyyardan olan bir ədəd 400 manat dəyərində sadə formalı qızıl üzüyü, 583 əyyardan olan 1100 manat dəyərində 1 ədəd 13 qram çəkidə paxlava formalı qızıl boyunbağını, 583 əyyardan olan 2 ədəd ümumilikdə 2550 manat dəyərində hər birinin çəkisi 15 qram olan sadə formada toxunmuş qızıl boyunn bağıları, 583 əyyardan olan bir ədəd 1000 manat dəyərində sadə formada toxunulmuş qızıl qolbağını, 583 əyyardan olan bir ədəd 1050 manat dəyərində 12,35 qram çəkidə sadə qara qaşlı qızıl kişi üzüyünü, 583 əyyardan olan bir ədəd 1500 manat dəyərində ağ 5 qaşlı brilyant qızıl kişi üzüyünü, 583 əyyardan olan bir ədəd 500 manat dəyərində əqrəb formasında qızıl klonu, 583 əyyardan olan bir ədəd 100 manat dəyərində «tros« adlanan qızıl boyunbağını, həmin evin otağındakı şüşəli dolabın içərisindəki saxlanc yeri hesab edilən şüşə qabın içərisindən əyyarı müəyyən edilməyən ümumilikdə 700 manat dəyərində hər biri 1 qram olmaqla 14 ədəd qızıl dişləri, 4500 manat nəğd pul, şüşəli dolabın içərisində olan saxlanc yeri hesab edilən pul qabının içərisindən 377 manat nəğd pulu və 71 manatlıq dəqiqələrdə mobil danışıq kartlarını, sonuncu dəfə isə 2022-ci ilin aprel ayının 18-də gecə saatlarında saxlanc yeri hesab edilən sandıqdan qıfılı açarla açmaq yolu 5500 manat pulu vahid niyyətlə qəsdən gizli yolla talayaraq zərərçəkmiş şəxs kimi ona ümumilikdə 81953 manat 50 qəpik külli miqdarda maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Qeyd olunan oğurluq cinayəti nəticəsində Şəki Ağır Cinayətlər Məhkəməsi xx.xx.2023-cü il tarixli 1(091)-23/2023 saylı hökmü ilə Şəki Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 1(107)-203/2023 saylı qərarı ilə ittiham hökmü çıxarmışdır. Cavabdeh1 6 il 6 ay müddətinə, Cavabdeh2 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onların təqsirliliyi sübuta yetirilmiş, məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Ancaq ona dəyən zərər yəni, 81953,50 manat bu günə qədər ona ödənməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ona dəymiş 81953,50 manat ziyandan 6180 manat dəyərində 3 ədəd qızıl əşyaları istintaq dövründə ona qaytarılmış və hazırkı işlə baxılarkən Cavabdeh3 tərəfindən ona cəmi 800 manat pul ödənilmiş və hazırda iş üzrə 74973,50 manat borc qaldığını bildirmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş edir(müvafiq ərizə təqdim edir). Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi izahatlarında iddia tələbini qəbul etdiklərini bildirərək, iddiaçıya dəymiş olan ziyanı azadlığa çıxarılacaqları təqdirdə hissə-hissə hər ay 300 manat olmaqla ödəyəcəyəklərini bildirmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirərək, xx.xx.2023-cü il tarixli qəbzin onun tərəfindən yazıldığını və həmin borcu qızları azadlığa çıxarılacağı təqdirdə hissə-hissə yəni hər ay 300 manat olmaqla ödəyəcəyini bildirmişdir.(məhkəməyə müvafiq ərizə vermişdir). Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzin əslindən görünür ki, o, həqiqətəndə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan evindən edilmiş oğurluqda iştirak etmiş və bu səbəbdəndə ona vurmuş olduğu 90 min manat məbləğində pulun ona düşən hissəsini o, hissə-hissə hər ay 400 manat olmaqla ödəyəcəyinə söz vermişdir. Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzin əslindən görünür ki, o, ittiham üzrə nəzərdə tutulan pul məbləğinin ona düşən hissəsini hər ay 200 manat olmaqla İddiaçı ödəyəcəyini və bu məbləği 2023-cü ilin aprel ayından ödəyəcəyini bildirmişdir. Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzin əslindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı evindən edilmiş oğurluq 81 min 900 manat pulun bir hissəsi ona verildiyindən o, da həmin məbləğin tam ödənilməsi üçün hər ay 300 manat olmaqla ödənilməsini öhdəliyinə götürmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinin 05 il 06 ay müddətinə azadl0ıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 14 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddətinə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinin 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 14 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddətinə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, təqsiləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 CM-nin 177.3.2-ci maddəsi ilə təqsiləndirilmələrinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, hökmü təqsirləndirilən şəxslərə təyin olunmuş cəza ağırlaşdırılmaqla dəyişdirilmiş, Cavabdeh1 təqsirli bilindiyi CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 il 6 ay müddətə artırılmış, Cavabdeh2 təqsirli bilindiyi CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası 6 il müddətə artırılmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kən inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Nərimanabad kəndində yaşayır. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh1 və Cavabdeh2 tamah niyyəti ilə İddiaçı əmlakını əvəzsiz olaraq ələ keçirərək sonuncuya maddi ziyan vurmuşdur. Cavabdehlər həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(107)-203/2023 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Eyni zamanda müəyyən edilmişdir ki, digər Cavabdeh3 da sözügedən məbləğin ödənilməsini öz üzərinə götürmüş, habelə hazırda iddiaçıya ödənilməli olan məbləğ 74973,50 manat təşkil edir (iddiaçı öz ərizəsində bunu təsdiq etmişdir). Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CPM–in 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdehlər cinayət hadisəsi törətməsinə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehlərin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri əsaslı olmadığından, həmçinin məhkəmənin qanuni qüvvədə olan hökmü ilə təqsirli hesab edildiklərindən onların cəmi 81953,50 manat məbləğində pul vəsaitini iddiaçıa qaytarmaq öhdəliyi yaranmışdır. Digər Cavabdeh3 isə sözügedən pul məbləğinin bir hissəsinin iddiaçıya qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür. Sözügedən hökmdə iş üzrə maddi sübüt kimi tanınmış 3 adda – ümümi dəyəri 6180 manat dəyərində manat olan qızıl əşyanın iddiaçıya qaytarılması hökm edilmiş və sonuncunun hazırki mülki işə baxılarkən məhkəməyə təqdim etdiyi ərizədən də görünür ki, həmin əşyalar ona qaytarılmış, həmçinin Cavabdeh3 tərəfindən iddiaçıya cəmi 800 manat pul ödənilmişdir. Belə olan halda iddiaçıya dəymiş 81953,50 manat (səksən bir min doqquz yüz əlli üç manat əlli qəpik) maddi ziyandan həmin 6980 manat (altı min doqquz yüz səksən manat) məbləği çıxılmalı və iddia 74973,50 manat (yetmiş dörd min doqquz yüz yetmiş üç manat əlli qəpik) həddində təmin edilməlidir. Məhkəmə Cavabdeh3 münasibətdə qeyd edir ki, onun tərəfindən iddia etiraf edildiyindən məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə qəbulı etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə 74973.50 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 314.92 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 74973 (yetmiş dörd min doqquz yüz yetmiş üç) manat 50 (əlli) qəpik məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 314 (üç yüz on dörd) manat 92 (doxsan iki) qəpik İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar