Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1456/2020 06.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1230,04 manat əsas borc, 379,65 manat faiz, 561,70 manat cərimə, 184,79 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan borc olmaqla, cəmi 2356,18 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsmunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnəmə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 119 saylı “kredit müqaviləsi”nə əsasən, cavabdehə 36 ay müddətinə, illik 28 % dərəcəsi olmaqla, 2000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında 119 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin borclunun bank qarşısında öhdəliklərinin tamamilə icra etməsi üçün onunla birlikdə eyni məsuliyyəti daşıyırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin banka ödənilməmiş pul borcu- 1230,04 manat əsas borc, 379,65 manat faiz, 561,70 manat cərimə, 184,79 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan borc təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 zaminliyə xitam verildiyi üçün ona münasibətdə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək və ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyi üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və sübutları hərtərəfli tədqiq edərək, cavabdehin izahatını dinləyib, cavabdeh tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx xxx 2014-cü il tarixli 119 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Yevlax filialı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 20 % olmaqla 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, xx xxx 2014-cü il tarixli 119 №li kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Yevlax filiali ilə Cavabdeh2 (zamin) arasında xx xxx 2014-cü il tarixli 119 №li saylı zaminlik müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş xx.xx.2020ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1230,04 manat əsas borc, 379,65 manat faiz, 561,70 manat cərimə, 184,79 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan borc olmaqla, cəmi 2356,18 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun banka olan cəmi 2356,18 manat məbləğində borcu ödənilməmiş qalmışdır. İş üzrə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Müqavilənin qüvvədə olma müddəti həmin müqaviləyə əsasən öhdəliklərin tam ödənilənə qədər, borcluya verilən kreditin müddəti isə 36 ay müddətinə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddəti 36 ay müddətinə müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni müqavilənin icra müddəti də həmin müddətə müəyyən olunmuşdur. Məhkəmə sözügedən müqavilənin icra müddətini müəyyənləşdirdikdən sonra qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən isə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçı ilə cavabdeh arasında müqavilə xx.xx.2014-cü il tarixdə bağlandığından və müqavilənin icra müddəti 36 ay müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixdən sonrakı gün, yəni xx.xx.2017-ci il tarixdən başlamışdır. Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçının nümayəndəsi hazırkı iddia ərizəsi ilə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərək(iddia ərizəsini imzalayaraq) iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinin tələbinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Beləliklə, məhkəmə hesab edir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbi üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1456/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1456/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver