Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1466/2020 03.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması - pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması - pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 18000 manat pulun və dövlət rüsumu hesabına ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər bir-birlərini tanıyırlar. İddiaçı cavabdehə etibar etdiyindən bir neçə dəfə ona borca pul vermişdir. Cavabdeh həmin borcun bir hissəsini qaytarmış və qalıq borcu qalmışdır. Uzun müddətdir ki, aralarında bu münasibət davam edir. xx xxxxx 2019-cu il tarixə cavabdehin iddiaçıya 18000 manat borcu yaranmışdır. Cavabdeh öz xətti ilə qəbz imzalayaraq iddiaçıya olan borcunu kredit götürüb qaytaracağını bildirmişdir. Lakin vədinə əməl etməmiş və borcunu ödəməmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izah etdi ki, Züleyxa ilə borc münasibətləri var. xx xxxxx 2019-cu il tarixdə iddiaçıya 18000 manat borcu olmağı ilə bağlı qəbz də yazıb vermişdir. Lakin onun o qədər borcu yoxdur və olan borcun əvəzinə iddiaçıya girov olaraq qızıl zinət əşyaları vermişdir. Ona təcili pul lazım olduğundan məcbur olub xx xxxxx 2019-cu il tarixdə həmin qəbzi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, Mətanət onun anasıdır. Anası uzun müddətdir ki Züleyxadan borc alıb qaytarır. Anasına təcili pul lazım olduğundan anası məcbur olun Züleyxaya 18000 manat borclu olması barədə qəbz yazıb vermişdir. Həmçinin anası borc alarkən Züleyxaya qızıl girov qoymuşdur. Ona da məxsus qızılları anası Züleyxaya girov vermiş və bu səbəbdən onun ailəsi dağılmışdır. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1952-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 16, mənzil 19-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh xx xxxxxxx 1964-cü il tarixdə Goranboy rayonu, Zeyvə kəndində anadan olmaqla, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2, mənzil 56da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı xx xxxxx 2019-cu il tarixdə 18000 manat borc almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh xx xxxxx 2019-cu il tarixdə 18000 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. Cavabdeh İddiaçı 18000 manat borc aldığını etiraf etmişdir. Həmçinin borc alan zaman borcun əvəzinə girov olaraq iddiaçıya qızıl veridyini bildirmişdir. Lakin qızılın verilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 18000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18000 manat borcvə 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1466/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1466/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver