Məhkəmə qərarları › İş №2(039)-1469/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1469/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1469/2021 30.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1000 manat pulun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar, Daşkəsən rayonunda yerləşən təsərrüfat sahəsində xırda buynuzlu heyvan saxlamaqla məşğul olur. Hər il qış aylarında həmin heyvanları qışı keçirmək üçün isti rayonlarda saxlayırlar. Bu məqsədlə 2020-ci ilin iyun ayında Yevlax rayonu Qaraməmmədli kəndində yaşayan cavabdehin fermasını icarəyə götürmüş və bu məqsədlə cavabdehə 5000 manat pul vermişlər. Sonradan aralarındakı razılaşma pozulmuş və cavabdeh fermasını başqa şəxsə icarəyə vermişdir. Cavabdeh icarə haqqı kimi ona verilən 5000 manatdan 4000 manatı iddiaçılara qaytarsa da, 1000 manatı qaytarmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, ona məxsus fermanı-torpaq sahəsini İddiaçı1 icarəyə verilməsi barədə sonuncu ilə 2020-ci ilin iyun ayında razılığa gəlmişdir. İddiaçı1 yay aylarında hissə-hissə olmaqla ona cəmi 5000 manat pul vermişdir. Həmin pulla o, torpaq sahəsini şumlatmış və əkdirmişdir. Sonradan İddiaçı1 razılaşmanı pozaraq, onun torpaq sahəsinin kiçik olduğunu və daha böyük ferma icarəyə götürmək istədiyini bildirmiş və ondan ona verdiyi 5000 manatı tələb etmişdir. Bundan sonra o, torpaq sahəsini başqa şəxsə icarəyə vermiş və həmin şəxsdən aldığı 2700 ABŞ dolları pulu 2020-ci lin noyabr ayında Yevlax rayonu Qaraməmmədli kəndində iddiaçıya qaytarmışdır. Xarici valyutanın həmin dövrdə manata məzənnəsini nəzərə alaraq iddiaçıya 4590 manat pul qaytarmış, qalıq qalan 410 manatı isə 2021-ci ilin mart ayında Yevlax şəhər avtovağzalının yanında İddiaçı1 vermişdir. Lakin İddiaçı1 5000 manat pulu borc götürüb ona verdiyini və buna görə ona 1000 manat da əlavə faiz ödəməli olduğunu bildirmişdir. O, isə bununla razılaşmamış və İddiaçı1 onu polisə şikayət etmişdir. Hazırda onun iddiaçılara heç bir borcu yoxdur. Məhkəmə iclasında vəkilin sualına cavab olaraq İddiaçı1 cavabdeh tərəfindən ona 5000 manat pulun ABŞ dolları valyutasında qaytarıldığını təsdiq etmiş, lakin həmin məbləğin nə qədər olduğunu xatırlamadığını bildirmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 11 aprel 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı1 müracəti əsasında toplanmış metarial üzrə cinayət işinin başlanılması Cavabdeh əməlində cinayət tərkibi olmadığından rədd edilmişdir. Həmin material üzrə cavabdehin vermiş olduğu izahatından da görünür ki, cavabdeh İddiaçı1 borcunun olmadığını, ondan icarə haqqı kimi aldığı 5000 manatı ona qaytardığını və iddiaçının ondan 1000 manatı əlavə olaraq borcuna hesablanmış faiz kimi istədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı1 təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 cavabdehin oğlu olduğunu, 2020-ci ilin noyabr ayında İddiaçı1 atasına məxsus fermaya gələrək orada səs-küy saldığını və atasına vermiş olduğu 5000 manat pulu tələb etdiyini, atasının isə yeni icarəçidən aldığı 2700 ABŞ dollarını həmin vaxt onun və yeni icarəçinin yanında, qalıq qalmış 410 manat borcu isə 2021-ci ilin mart ayında İddiaçı1 verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında torpaq sahəsinin icarəsi barədə razılaşma olmuş, İddiaçı1 tərəfindən cavabdehə “icarə haqqı” olaraq 5000 manat pul verilmişdir. Tərəflər arasında torpağın icarəsi haqqında razılaşma pozulduqdan İddiaçı1 cavabdehə verdiyi 5000 manat pulu ondan tələb etmiş, cavabdeh həmin pulu 2700 ABŞ dolları və 410 manat olaraq iddiaçıya qaytarmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit olunmuşdur ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd olunan normalardan müəyyən olunur ki, daşınmaz əmlaklarla bağlı icarə müqaviləsi birmənalı qaydada yazılı şəkildə bağlanılmalı və müddəti on bir aydan çox olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin hazırkı işdə tərəflər arasında yazılı şəkildə icarə müqaviləsi bağlanmamışdır. Ona görə də, hazırkı mübahisəyə icarə müqaviləsinə aid müddəalar tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Məhkəmə hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 1092.1-ci maddəsinin dispozitiv şərtləri yoxdur. Belə ki, iddia tələblərinin Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin edilməsi üçün iddiaçı aşağıdakı halları sübut etməlidir: ona məxsus 1000 manat məbləğində pul vəsaiti hüquqi əsas olmadan cavabdeh tərəfindən götürülmüş və ya onda qalmış, bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Lakin yuxarıda göstərildiyi kimi qeyd olunan hallar mövcud deyildir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar