Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1470/2021 19.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Nəsirova Leyla Heydər qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «10000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «10000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdeh 2018-ci ildə kənd təsərrüfatı işlərində ona yaxından köməklik edirdi. Həmin vaxt çox yaxın münasibətləri olmuşdur. Cavabdeh 01 mart 2018-ci il tarixdə ondan xahiş etdi ki, ona borca pul versin ki o özünə maşın alsın. Bu barədə əvvəllər də xahiş etmişdir. Cavabdeh öz xətti ilə borcun alınması barədə qəbz yazdı. Qəbz əsasında ona 10000 manat pul vermişdir. Cavabdeh özünə maşın almışdır. Lakin sonradan eşitdi ki, cavabdeh maşını satıb. Buna baxmayaraq borcunu qaytarmamışdır. Hazırda borcu tələb etsə də, cavabdeh pulu qaytarmaq istəmir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, illər öncə iddiaçıdan 2000 manat borc almışdır. Həmin borc artaraq 4000 manat olmuşdur. Pul sələm kimi şişib 10000 manat olmuşdur. İddiaçı ona qazel markalı maşın almışdır. Lakin sonradan maşının mühərriki xarab oldu və maşını satdı. Həmin pulla borcun yarısını iddiaçıya qaytardı. Bundan başqa bir dəfə 200, bir dəfə 400 və bir dəfə 500 manat ödənişlər etmişdir. Sonuncu dəfə iddiaçıya 10000 manat borcu olmağı barədə yazılı qəbz vermişdir. Lakin həmin qəbz üzrə maddi imkanı ilə bağlı ödəniş edə bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 mart 2019-cu il tarixli borc müqaviləsindən məlum olur ki, Cavabdeh İddiaçı 10000 manat borc pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 10000 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh pulu faizə verilməsi və borcdan ödəniş etdiyini bildirsə də buna dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10000 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1470/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1470/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver