Məhkəmə qərarları › İş №2(039)-1494/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1494/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1494/2024 18.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Yasin oğuna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Yasin oğuna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ona dəymiş ziyana görə 870 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 07 mart 2023-cü il tarixdə saat 14:30 radələrində etibarnamə ilə idarə etdiyi “SUZUKİ SWİFT minik” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən sonradan ona adı məlum olmuş “BMW 318 minik” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Cavabdeh2 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə yol hərəkət qəzası baş vermişdir. Bundan sonra araşdırma nəticəsində “BMW 318 minik” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə üzrə idarə edən Cavabdeh2 barəsində 07 mart 2024-cü il tarixində İXP seriyalı ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında Abşeron DYP polis mayoru X2 tərəfindən 14 mart 2024-cü il tarixli TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. Sözügedən qərarla Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, onun barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “BMW 318 minik” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. Həmin şəxsin də mənə dəymiş ziyana görə təqsirsiz məsuliyyəti vardır. Qəza nəticəsində avtomobilinə zərər dəymişdir. Qəzadan sonra avtomobilə dəymiş ziyanın müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli ziyan aktı tərtib edilmişdir. Ziyan aktından göründüyü kimi “SUZUKİ SWİFT minik” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş, baxış zamanı avtomobilə diyan zərbə qabaq buferin sol tərəfindən arxa stop (sol) tərəfə kimi dəyməsi, zərbə nəticəsində avtomobilin arxa stop farası, qabaq buferin balkası (plasmas) deformasiyaya uğrayaraq sıradan çıxmış, zərbə nəticəsində avtomobilin qabaq buferi, arxa sol qapısı arxa sol qanadı (zədələnmiş-sürtülmüş) yəni deformasiyaya uğramış olması müəyyən edilmişdir. Qeyd edim ki, arxa sol stop fara (üst çıx), qabaq buferin içəri balkası sıradan çıxmışdır. Yekun olaraq ona sıradan çıxmış avtomobilin ehtiyat hissələrinə 380 manat məbləğində, avtomobilin sökülün yığılmasına, təmirinə və rənglənməsinə 490 manat məbləğində, cəmi 870 manat məbləğində xərc çəkilməlidir. Maddi vəziyyəti ağır olduğuna görə avtomobilini təmir edə bilmir.Bu isə onun vəziyyətini daha da ağırlaşdırır. Cavabdehlər tərəfindən ona 870 manat məbləğində maddi ziyan dəymişdir. O, hadisə nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini cavabdehlərdən tələb etsə də onlar dəymiş ziyanı ödəməkdən boyun qaçırırlar. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; "xxxx" ASC-nin X1 X4 tərəfindən xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, **-MB-*** dövlət qeydiyyat nişanlı “SUZUKİ SWİFT minik”, avtomobilnə dəymiş ziyan arxa sol stop fara (üst çıx) 350 manat, qabaq buferin içəri balkası 30 manat, elektrik işləri 20 manat, armaturçu işləri 40 manat, dəmirçi işləri 100 manat, rəngləmə işləri 300 manat, razval 20 manat, balan 2 qabaq 10 manat olamaqla, cəmi 870 manat təşkil edir. Abşeron Rayon Dövlət Yol Polis polis mayoru X2 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X5 tərəfindən ona məxsus olan “SUZUKİ SWİFT minik” markalı, ** MB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında idarə etmək üçün 1 il müddətinə İddiaçı vermişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, “BMW 318 minik” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə mülkiyyətçisi Cavabdeh1dur. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, “BMW 318 minik” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə mülkiyyətçi Cavabdeh1 tərəfindən Cavabdeh2 həmin nəqliyyat vasitəsi ilə bağlı etibarnamə verilməmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5179 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2011-ci il buraxılışlı “SUZUKİ SWİFT minik” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 840 müəyyən edilir. O, cümlədən dəyişilməli hissələrin qiyməti 350 manat və təmir-bərpa işlərinin qiyməti 490 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, 07 mart 2023-cü il tarixdə saat 14:30 radələrində iddiaçının etibarnamə ilə idarə etdiyi “SUZUKİ SWİFT minik” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən sonradan ona adı məlum olmuş “BMW 318 minik” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsi olmadan idarə edən şəxs Cavabdeh2 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə yol hərəkət qəzası baş vermişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehin təqsiri ücbatından baş vermiş hadisə nəticəsində İddiaçı mülkiyyətində olmuş “SUZUKİ SWİFT minik” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümümilikdə 840 (səkkiz yüz yetmiş) manat dəyərində (avtomobilin ehtiyat hissələrin qiyməti 350 manat, avtomobilin sökülün yığılmasına təmirinə və rənglənməsinə 490 manat olmaqla) zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 115.0.6-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-ci maddəsinə əsasən Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Yasin oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı 840 (səkkiz yüz qırx) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Vurulmuş zərərin əvəzi olaraq 840 (səkkiz yüz qırx) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 Yasin oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 Yasin oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar