Məhkəmə qərarları › İş №2(039)-1500/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1500/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1500/2020 07.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxxxxx” X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” X1 Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxxxxx” KB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən “xxxxxxx” KB ASC-nin müştərək qaydada xeyrinə 1770,64 ABŞ dolları məbləğində əsas borc, 311,94 ABŞ dolları faiz borcu, 221,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2304,46 ABŞ dolları kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxxxxx” KB ASC ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 60 ay müddətinə 20000 manat kredit xətti ayrılmiş və xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 18 ay müddətinə illik 29% ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olanan məbləğdə və faizlə krediti borcalarının mülkiyyətində verir və borcalan isə həmin kreditdən məqsədli təlimatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 zaminlik müqaviləsinə əsasən kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehlərin xx xxxx 2020-ci il tarixinə kredit müqaviləsi üzrə 1770,64 ABŞ dolları məbləğində əsas borcu, 311,94 ABŞ dolları faiz borcu, 221,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2304,46 ABŞ dollarıborcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh2 kredit xətti müqaviləsində valyutanın manatla göstərildiyini, əlavə kredit müqaviləsində isə kreditin ABŞ dolları ilə verildiyini və bu barədə onun razılığının alınmadığını əsas gətirərək ona münasibətdə iddianın təmin olunmamasını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Bankın nümayəndəsi T.Piriyeva iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1985micMNG/14-EM №li əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, “xxxxxxx” KB ASC Cavabdeh1 60 ay müddətinə 20000 manat kredit xətti ayırmışdır. Həmin müqavilə ilə zamin Cavabdeh2, Cavabdeh1 öhdəliklərinin icrası üçün onunla birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. xx.xx.2015-ci il tarixli, 709micMNG/15 №li əlavə kredit müqaviləsinə əsasən “xxxxxxx” KB ASC Cavabdeh1 illik 29 faiz ödəmək şərti ilə 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilir. Kredit alan kreditdən təyinatı üzrə istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan “xxxxxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə bağladığı kredit müqaviləsi üzrə borcu- 1770,64 ABŞ dolları əsas borc, 311,94 ABŞ dolları faiz borcu, 221,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2304,46 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1na vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 cəmi 2304,46 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb Cavabdeh1 əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, kredit borcunu, habelə hesablanmış faizləri müəyyən edilmiş cədvələ uyğun qaydada ödəməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinin birinci cümləsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, cavabdeh tərəfə hesablanan 221,88 ABŞ dolları məbləğində cərimə borcu azaldılmalı 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Digər cavabdeh-zamin Cavabdeh2 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli Qərarında göstərmişdir ki: “Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Tərəflər arasında bağlanmış yuxarıda istinad olunan kredit xətti müqaviləsində faiz dərəcəsi ümumiyyətlə göstərilməmiş, kreditinin valyutasının dəyişdirilməsinə baxmayaraq isə əlavə kredit müqaviləsi bağlanılarkən zaminin razılığı alnmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1770,64 ABŞ dolları məbləğində əsas borc, 311,94 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2182,58 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 30 manat dövlət rüsumu iddiaçı “xxxxxxx” X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar