Məhkəmə qərarları › İş №2(039)-1514/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1514/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1514/2021 31.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra mətndə Bank) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Bankın xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2529,65 manat məbləğində əsas borc, 32,89 manat faiz borcu olmaqla, cəmi 2562,54 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1% faiz dərəcəsi ilə hesablanmaqla 2532,52 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun bu müqavilənin 1.2 bəndində göstərilən qalıq məbləğini 1.3-cü bənddə göstərilən müddətdə və faizlə müştərinin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Bu müqavilənin 3.5.1 maddəsinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank borcun qaytarılmasını müştəridən tələb edə bilər. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 06 may 2021-ci il tarixinə, kredit müqaviləsi üzrə 2529,65 manat məbləğində əsas borc, 32,89 manat faiz borcu olmaqla, cəmi 2562,54 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Bankın nümayəndəsi T.Piriyeva iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 10.07.2019-cu il tarixli, 207rtsMNG/19 №li güzəştli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh illik 1 faiz ödəmək şərti ilə 60 ay müddətinə 2532,52 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 06.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10.07.2019-cu tarixli kredit müqaviləsi üzrə 2529,65 manat məbləğində əsas borc, 32,89 manat faiz borcu olmaqla, cəmi 2562,54 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin Banka olan 2529,65 manat məbləğində əsas borc, 32,89 manat faiz borcu olmaqla, cəmi 2562,54 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2529,65 manat məbləğində əsas borc, 32,89 manat faiz borcu olmaqla, cəmi 2562 (iki min beş yüz atmış iki) manat 54 (əlli dörd) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar