Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1515/2020 07.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı “xxxxxxx” X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” X5 Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxxxxx” KB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən “xxxxxxx” KB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2842,96 ABŞ dolları əsas borc, 178,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3021,57 ABŞ dolları kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 60 ay müddətinə 20000 manat kredit xətti ayrılmiş və xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 48 ay müddətinə illik 26% ödəmək şərtilə 5862 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olanan məbləğdə və faizlə krediti borcalarının mülkiyyətində verir və borcalan isə həmin kreditdən məqsədli təlimatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və X4 zaminlik müqaviləsinə əsasən kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürüblər. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehlərin xx xxxx 2020-ci il tarixinə kredit müqaviləsi üzrə 2842,96 ABŞ dolları əsas borcu, 178,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3021,57 ABŞ dollarıborcu yaranmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Bankın nümayəndəsi T.Piriyeva iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında Bankdan 4500 manat pul götürdüyünü və həmin məbləğdən 2000 manat ödədiyini və işləmədiyi üçün hazırda borcunu ödəyə bilməyəcəyini bildirdi və borcun hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və X4məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 3487micMNG/14-EM №li əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, “xxxxxxx” KB ASC Cavabdeh1 60 ay müddətinə 20000 manat kredit xətti ayırmışdır. Həmin müqavilə ilə zaminlər Cavabdeh2 və X1 Fərman Səfər oğlunun öhdəliklərinin icrası üçün onunla birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. xx.xx.2015-ci il tarixli, 1275micMNG/15 №li əlavə kredit müqaviləsinə əsasən “xxxxxxx” KB ASC Cavabdeh1 illik 26 faiz ödəmək şərti ilə 48 ay müddətinə 5862 ABŞ dolları məbləğində kredit verilir. Kredit alan kreditdən təyinatı üzrə istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan “xxxxxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə bağladığı kredit müqaviləsi üzrə borcu- 2842,96 ABŞ dolları əsas borc, 178,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3021,57 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, lakinkredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda sonuncunun banka olan 2842,96 ABŞ dolları əsas borcu, 178,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3021,57 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Digər cavabdehlər-zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli Qərarında göstərmişdir ki: “Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Tərəflər arasında bağlanmış yuxarıda istinad olunan kredit xətti müqaviləsində faiz dərəcəsi ümumiyyətlə göstərilməmiş, kreditinin valyutasının dəyişdirilməsinə baxmayaraq isə əlavə kredit müqaviləsi bağlanarkən zaminlərin razılığı alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə 2842,96 ABŞ dolları əsas borc, 178,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3021,57 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “xxxxxxx” X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1515/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1515/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver