Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-153/2021 16.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 10000 (on min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin iyun ayında cavabdehlərdən ev almış, yəni onlara məxsus olan Yevlax şəhərində yerləşən evi 4000 manat əvvəlcə, sonra isə 6000 manat verməklə almışdır. Cavabdehlər övladlarının işi ilə bağlı evlərini satdıqlarını, bu səbəbdən onlara pul lazım olduğunu bildirmişdir. O, qızılzinət əşyaraını sataraq əvvəlcə 4000 manat pulu gətirib cavabdehlərə, yəni dayısına və onun yoldaşına vermişdir. Bundan sonra 1 ay ərzində əlavə 6000 manat pulu nağd olaraq vermişdir. O, evin satılması ilə bağlı məsələni müzakirə edəndə, cavabdehlər onu hər dəfə aldadaraq yaxın vaxtlarda alqı-satqını rəsmiləşdirməyə hazır olacaqlarını bildirmişlər. O, cavabdehlərə vermiş olduğu 10000 manat pulun qaytarmasını istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, o, arvadı Cavabdeh2 məxsus evi bacısı qızı Ülviyəyə satmaq fikrinə gəlsə də, arvadı Mənzər buna razı olmamış və ona görə də iddiaçı ilə alqı-satqı müqaviləsi bağlaya bilməmişdir. O, həqiqətən iddiaçıdan 4000 manat pul almışdır. Amma iddiaçı tərəfindən ona 6000 manat pul verilməmişdir. İddiaçı 4000 manat pul borclu olduğunu bildirərək iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir. Eyni zamanda o, özünə məxsus evin satılması ilə bağlı iddiaçı ilə razılığa gəlməmişdir. Ona qarşı irəli sürülən tələb tamamilə əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh2 məxsus evin ona satılması barədə cavabdehlərlə razılıq əldə olunmuş və bunun müqabilində cavabdehlərə 10000 manat pul vermişdir. Cavabdeh1 isə buna etiraz edərək bildirir ki, evin satılması barədə onunla iddiaçı arasında razılıq əldə olunsa da, arvadı Mənzərin bundan xəbəri olmamış və razılaşma müqabilində iddiaçıdan 4000 manat pul almışdır. Cavabdeh2 isə ümumiyyətlə evin satılması barədə iddiaçı ilə razılığa gəlmədiyini və iddiaçıdan hər hansı məbləğdə pul almadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı cavabdehlərə vermiş olduğu pulun 10000 manat təşkil etməsini sübut edə bilmir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilmir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi Cavabdeh1 etiraf etdiyi hissədə əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 4000 manat məbləğində pul tutulmalıdır. Cavabdeh2 aid hissədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh1 4000 (dörd min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-153/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-153/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver