Məhkəmə qərarları › İş №2(039)-153/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-153/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-153/2025 19.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 20000 manat məbləğində borc pulun və iddia tələbi ilə bağlı banka ödədiyi 151 manat dövlət rüsumunun, cəmi 20151 manat məbləğində pulun tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün qaytarmaq şərti ilə ondan 20000 manat borc pul almışdır. Lakin cavabdeh vədinə əməl etməyərək ondan borc olaraq aldığı 20000 manat məbləğində pulu ona geri qaytarmamışdır. Dəfələrlə etdiyi xahişlərə və tələblərə baxmayaraq cavadeh ona olan borcunu bu günədək qaytarmamaqdadır. Bu səbəbdən də cavabdehin ona olan borcunu qaytarmadığı üçün qeyd olunan tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və cavabdehin ona ödəməli olduğu 20000 manat məbləğində borc pulun və iddia tələbi ilə bağlı banka ödədiyi 151 manat dövlət rüsumunun, cəmi 20151 manat məbləğində borcun cavabdehdən tutulub ona verilməsini istəyir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, cavabdehə pulu borc olaraq verdiyini, ondan hər hansı bir faiz almadığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, iddiaçıdan 25000 manat məbləğində sələm olaraq pul götürmüş, ayda 8% faiz olmaqla hər ay 2000 manat pulu özünün işlədiyi aptekdə ödəmiş, iddiaçının tələb etdiyi pulu hissə-hissə lazım olduqca almış və 20000 manat olduqda qəbz yazmışdır. Sonradan 5000 manat pul lazım olduğundan yenidən 8% faiz olmaqla sələm almış, son altı ay qədər hər ay 2000 manat pul ödəmiş, hazırda işi zəif olduğu üçün sələmi ödəyə bilməmişdir. Özünə məxsus apteki satıb götürdüyü pulu qaytaracaqdır. İddiaçıya hər ay 2000 manat faiz pul ödəməsi ilə bağlı əlində hər hansı bir qəbzi yoxdur, həmin ödədiyi pulları aptekində çalışan işçilərinin yanında iddiaçıya ödədiyini bildirmişdir (müvafiq ərizə təqdim edir). Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzin əslindən görünür ki, iddiaçı cavabdehə cəmi 20000 manat borc pul vermişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı dövlət hesabına 150 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 20000 manat məbləğində pul vermiş, Cavabdeh 20000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, habelə cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, borcunu etiraf etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 20000 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 (iyrimi min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 (bir yüz əlli bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar