Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1543/2021 26.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz olaraq Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evindən oğlurladığı 1400 manat dəyərində olan 20 qram çəkidə qızıl boyunbağının və 300 ABŞ dollarının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində yaşadığı Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə kənd təsərrüfatı ilə məşğul olurmuş. Bir qədər sonra oğlu Eldənizi ona su gətirməsi üçün evə göndərmişdir. Oğlu Eldəniz evdən su gətirdiyi zaman otaqlardan ətir iyinin gəldiyini bildirmiş, bu zaman isə o, çöl qapının açıq olduğunu görmüşdür. Həyat yoldaşı isə evə yad bir şəxs girdiyindən şübhələnərək cəld halda yataq otağına getmiş və yataq otağında olan qırmızı sandığa baxmışdır. Bu zaman həyat yoldaşı qırmızı sandığın içərisində olan qızıl-ziynət əşyalarının və 300 ABŞ dollarının sandıqda olmadığını görmüşdür. DİN-nin 102 xidmətinə müraciət etmiş və qızıl-ziynət əşyalarının və 300 ABŞ dollarının hazırki iş üzrə Cavabdeh tərəfindən oğurlandığını bilmişlər. Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri cinayət işi açılmışdır və ona Bərdə Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Cavabdeh istintaq dövrü zamanı onlar vurmuş olduğu ziyanın bir qismini ödəmişdir, lakin qızıl-ziynət əşyalarından 1400 manat dəyərində olan 20 qram çəkidə qızıl boyunbağını və 300 ABŞ dollarını verməmişdir. Cavabdeh isə həmin boyunbağını və 300 ABŞ dolları verməkdən boyun qaçırır və verməyəcəni bildirir. Cavabdeh istintaq dövrü zamanı vermiş olduğu ifadəsində onların yaşayış evindən oğurluq etdiyini etiraf etmişdir. Hal-hazırda cavabdeh könüllü şəkildə onların fərdi yaşayış evindən oğurladığı qızıl-ziynət əşyasından 1400 manat dəyərində olan 20 qram çəkidə qızıl boyunbağını və 300 ABŞ dollarını vermədiyi üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, məhkəmə prosesi davam etdiyi müddət ərzində cavabdeh 300 ABŞ dollarını ona ödəmiş, 1400 manat dəyərində olan 20 qram çəkidə qızıl boyunbağının verilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini qismən qəbul edərək, 20 qram çəkidə olan boyunbağı hazırda mövcud olmadığı üçün onundəyəri olan 1400 manat pulu qısa zaman müddətində iddiaçıya qaytaracağını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmdən görünür ki, həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 04 fevral 2021-ci il tarixdə Bərdə rayonu Yeni Əyricə kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evindən oğruluq etmiş və iddiaçıya məxsus 300 ABŞ dollarını və 1400 manat dəyərində 20 qram çəkisi olan qızıl boyunbağını oğurlamışdır. Həmin hökmlə Cavabdeh Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 iki 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi halları, yəni cavabdehin gizli yolla ona məxsus əmlakları talaması təqdim edilmiş hökmlə təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, tələb olunan və çəkisi 20 qram olan qızıl boyunbağının dəyəri olan 1400 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 1400 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1543/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1543/2021
26.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver