Məhkəmə qərarları › İş №2(039)-1550/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1550/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1550/2023 18.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı “Finca Azərbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor “Finca Azərbaijan” MM QBKT borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “Finca Azərbaijan” MM QBKT-nin xeyrinə 08 dekabr 2014-cü il tarixində bağlanmış **********2085 saylı kredit müqaviləsi üzrə 4996.04 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “Finca Azərbaijan” MM QBKT ilə 08 dekabr 2014-cü il tarixində bağlanmış **********2085 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclu, hər ay 372 ABŞ dolları məbləğində olmaqla, cəmi 8908 ABŞ dolları məbləğində ödəniş etməli olduğu halda, 3889.96 ABŞ dolları (əsas və faiz borcu üzrə) ödəniş etmişdir. Həmin Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 3.4.1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən. Kredit alan Kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında və tələb olunan həcmdə yerinə yetirmədiyi təqdirdə, hər yubanma günü üçün əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu cəriməni ödəməyə borcludur. Belə ki, borcluların bu günə əsas borc üzrə 4996.04 ABŞ dolları borcu vardır. Yevlax Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh1 həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz vermişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini, borcu özü ödədiyini, bir ildən artıq ödəniş etdiyini və borcun zaminlərdən tutulmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; 08 dekabr 2014-cü il tarixli, **********2085 №li kredit müqaviləsindən görünür ki, “Finca Azərbaijan” MM QBKT-nin Yevlax filialı tərəfindən Cavabdeh1 illik 24 faiz ödəmək şərti ilə 24 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit verən qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. “Finca Azərbaijan” MM QBKT tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 ödənilməmiş 4982.02 ABŞ dolları məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 4982.02 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlərdən 4982.02 ABŞ dolları məbləğində borcun tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə cavabdehlərə aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul cavabdehlərdən təşkilatın xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcun ödənilməsi məqsədi ilə 4982 (dörd min doqquz yüz səksən iki) ABŞ dolları 02 (iki) sent (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 20 (iyirmi) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı “Finca Azərbaijan” MM QBKT-yə ödənilsin. Dövlət rüsumunun kəsirini təşkil edən 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinin ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar