Məhkəmə qərarları › İş №2(039)-1569/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1569/2022

26.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1569/2022 26.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 1171 manat miqdarında maddi zərərin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Mingəçevir şəhərində un satışı ilə məşğul olur. Cavabdehin ona borcu vardır. Lakin hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır. Pulunu tələb etmək üçün 13 dekabr 2021-ci il tarixdə özünə məxsus “Tayota Corolla” markalı, 77BF157 dövlət qeydiyyat nişanlı avtomobillə cavabdehin Yevlax rayonu Aran qəsəbəsində yerləşən çörək sexinə getmişdir. Orada aralarında mübahisə düşmüşdür. Daha sonra avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Aran qəsəbəsində Mingəçevir şəhərinə gedərkən Dəmir yolu keçid məntəqəsində dayanarkən cavabdeh öz idarə etdiyi VAZ 2107 markalı 90OD266 dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilini arxa tərəfdən vurmuşdur. Nəticədə ona 950 manat maddi ziyan dəymişdir. Yevlax Rayon Məhkəməsinin qərarı ilə cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib 950 manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhəri bölməsinin 06 iyun 2022-ci il tarixli 1084 saylı arayışından məlum olur ki, İddiaçı məcburi köçkün kimi Mingəçevir şəhərində müvəqqəti qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon məhkəməsinin 07 fevral 2022-ci il tarixli 3(039)-95/2022 saylı qərarından məlum olur ki, Cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib 950 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Cavabdeh 13 dekabr 2021-ci il tarixdə saat 16.00 radələrində İddiaçı ilə aralarında yaranmış mübahisə ilə əlaqədar idarə etdiyi VAZ 2107 markalı, 90OD266 dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonun Aran qəsəbəsi ərazisində İddiaçı idarə etdiyi Toyota Corolla markalı, 77BF157 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən qəsdən vuraraq İddiaçı məxsus həmin avtomobilə ümumilikdə 950 manat məbləğində ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh barəsində inzibati qərar qəbul edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 1171 manat ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş maddi ziyana görə 950 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya inzibati xəta nəticəsində 950 manat ziyan dəymişdir. Ziyanın 1171 manat olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 950 manat dəymiş ziyan tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar